Oğlunun toy xərcini Putinin dostu ödəyib - Tramp danmadı: “Ailənin yaxınıdır”

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr.-ın Baham adalarında keçirilən toy şənliyi ilə bağlı şok detal ortaya çıxıb.

Sep 17, 2026 - 20:51
Oğlunun toy xərcini Putinin dostu ödəyib - Tramp danmadı: “Ailənin yaxınıdır”

SAVASHMEDİA.az xəbər verir ki, “ProPublica”nın araşdırmasına görə, rusiyalı iş adamı Umar Kremlyov toy mərasimindən sonrakı iki günlük şənliyin bir sıra böyük xərclərini qarşılayıb.

Kremlyovun özəl adalardan birinin icarəsi və atəşfəşanlıq da daxil olmaqla tədbirlərə yüz minlərlə dollar xərclədiyi bildirilir. Ödənişlər Kremlyovun Birləşmiş Ərəb Əmirliklərindəki qurumu ilə əlaqəli hesab vasitəsilə həyata keçirilib.

Kremlyov Beynəlxalq Boks Assosiasiyasının rəhbəridir. Onun Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri var. Putin bu ilin aprelində Kremlyovu “Dostluq” ordeni ilə təltif edib. Kremlyov daha sonra Putinin Çinə səfəri zamanı onunla birlikdə olub.

Donald Tramp Jr. və həyat yoldaşı Bettina Tramp isə Kremlyovun bu xərcləri toy hədiyyəsi kimi qarşıladığını təsdiqləyiblər. Onlar Kremlyovu şəxsi dostları adlandıraraq onun iki gecəlik şənliyi səxavətlə təşkil etdiyini deyiblər.

Məlumata görə, Tramp Jr. və Bettina Trampın rəsmi nikah mərasimi daha kiçik və ailə üzvlərinin iştirakı ilə keçirilib. Kremlyov isə həmin mərasimdə iştirak etməyib. Sonrakı qismən geniş  şənlikdə isə təxminən 50 nəfər iştirak edib.

Səlcuq