“Kurtlar Vadisi”ndəki ƏRDOĞAN SƏHNƏLƏRİ araşdırılır - Sirli məzar, “sonun çatdı” mesajı + VİDEO
“Kurtlar Vadisi”nin ssenaristlərinin 2011-ci ildə Silivri həbsxanasında vəfat edən MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində dindirilməsi Türkiyədə gündəm olub.
Silivri Respublika Baş Prokurorluğu isə ötən gün yaydığı məlumatda “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı FETÖ araşdırmasına başlanıldığını bəyan edib.
SAVASHMEDİA.az serialla bağlı araşdırmanın başlama səbəbləri kimi göstərilən iddiaları təqdim edir.
Avtomobil nömrəsi
İddiaya görə, araşdırma səbəblərindən biri kimi serialın bəzi səhnələrində istifadə edilmiş avtomobilin nömrəsinin “34 FG 7061” olması göstərilib. Həmin avtomobil “Kurtlar Vadisi Pusu”nun 4 fevral 2010-cu ildə yayımlanmış 79-cu seriyasında görünüb.
Nömrədəki “FG” hərfləri FETÖ-nün qurucusu Fetullah Gülenin ad-soyadının baş hərfləri, “7061” rəqəmləri tərsinə oxunduqda (yəni “16.07”) 15 iyul çevriliş cəhdinə eyhamdır. Bir günlük fərqə gəldikdə isə , bunu Türkiyə kəşfiyyatının (MİT) çevriliş planından xəbər tutduğu üçün FETÖ-nün 16 iyula planlanmış əməliyyatı bir gün tezləşdirməsi ilə əlaqələndirirlər.
Baş daşında "Ərdoğan" yazılmış məzar
“Kurtlar Vadisi Pusu”nun 17 may 2012-ci ildə yayımlanan bölümündə qəbiristanlıq səhnəsinə yer verilib. Həmin səhnədə serialın baş qəhrəmanı “Polat Alemdar” baş daşında "Ərdoğan" yazılmış məzarın yanından keçib.
Bu səhnə illər əvvəl də gündəmə gəlmiş və burada cəmiyyətə hansı mesajın verildiyi günlərlə müzakirə olunmuşdu. Hətta o vaxt televiziya proqramlarından biri – “Söylemezsem olmaz” səhnənin çəkildiyi Ümraniye Kocatepe qəbiristanlığında araşdırma aparmış və orada baş daşına "Ərdoğan" yazılmış məzarın olmadığını ortaya çıxarmışdı.
Bundan sonra verilişin aparıcıları həmin səhnənin Baş nazir Rəcəb Tayyib Ərdoğana (Ərdoğan həmin vaxt Baş nazir idi-red) işarə etdiyini bildirmişdilər. Serialı çəkən “Pana Film” şirkəti “Söylemezsem olmaz” verilişini və yayımlandığı Beyaz Tv-ni məhkəməyə verəcəyini açıqlamışdı.
“34 RTE 321” qeydiyyat nişanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edildiyi deyilən digər səhnə isə serialın 8 oktyabr 2009-cu ildə yayımlanmış 66-cı bölümündədir. Seriala mənfi qəhrəman kimi daxil olmuş obraz “İskender Büyük”ün xidmətində olan avtomobilin seriya nömrəsi kimi “34 RTE 321” seçilib.
İddialara görə, buradakı “RTE” hərfləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ad-soyadının baş hərfləri, “321” rəqəmləri isə “geri sayım başladı”, “sonun gəldi” subliminal mesajını verir. Həmin vaxt serialın ssenaristləri və “Pana Film” bu qeydiyyat nişanını təsadüf adlandırmışdılar.
“Kazım Kaşifoğlu” detalı
“Kurtlar Vadisi Pusu” serialında “Kazım Kaşifoğlu” adlı kəşfiyyatçı obrazı yaradılıb. Bu obrazın prototipinin həbsxanada vəfat etmiş MİT əməkdaşı Kaşif Kozinoğlu olması məsələsi uzun illərdir müzakirə edilir. Buna əsas kimi də “Kazım Kaşifoğlu” ilə Kaşif Kozinoğlunun oxşar şəkildə ölməsi göstərilir.
Belə ki, “Kazım Kaşifoğlu” obrazı serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı seriyasında həbs olunur, hücrədə saxlanılır, döyülür və ölümlə hədələnir. Bu bölümün yayımlanmasından 2 gün sonra – 12 noyabrda Kaşif Kozinoğlu Silivri həbsxanasında vəfat edir.
Serialın 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümündə isə “Kazım Kaşifoğlu”nun ölümü ilə bağlı səhnə göstərilir. Həmin səhnədə “Kara” obrazı “Kazım Kaşifoğlu”nun damarına şprislə hava yeridərək onu öldürür.
Qeyd edək ki, Türkiyədə real avtomobil nömrələrinin serial və filmlərdə istifadəsi qadağandır.
Banu
Посмотреть эту публикацию в Instagram