Öcalan üçün İmralıda 250 kvadratmetrlik villa tikildi – Köçmək üçün ŞƏRT QOYDU

PKK terror təşkilatının lideri olmuş Abdullah Öcalan üçün İmralı adasında 250 kvadratmetrlik iqamətgah inşa edilib.

Sep 17, 2026 - 17:48
Sep 17, 2026 - 18:06
Öcalan üçün İmralıda 250 kvadratmetrlik villa tikildi – Köçmək üçün ŞƏRT QOYDU

SAVASHMEDİA.az xəbər verir ki, terrorçubaşı özünə xüsusi status verilənəcən bu binaya köçməkdən imtina edib.

A.Öcalanın gözlədiyi statusla bağlı Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum açıqlama verib.

Uçum bildirib ki, “Terrorsuz Türkiyə” prosesi çərçivəsində dörd alt komissiyanın yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin komissiyalardan biri Silahsızlaşdırma və Strateji Koordinasiya Alt Komissiyası olacaq. Bu komissiyada Abdullah Öcalana da vəzifə veriləcək.

Qeyd edək ki, Öcalanın statusla bağlı istəyini Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli açıqlamışdı. O bildirmişdi ki, Öcalan iqamətgaha köçməklə bağlı qərarını açıqlayarkən “Mən bu evə hansı statusla köçəcəyəm?” sualını verib.

D.Bahçelinin sözlərindən sonra İYİ Parti buna sərt etiraz etmiş və “Satılık Bahçeli Villa” adlı video hazırlayaraq sosial şəbəkə hesablarında paylaşmışdı. Videoda Öcalana hazırlanacaq villa simvolik olaraq göstərilib və şəhidlərin doğulub böyüdüyü kasıb evlərlə qarşılaşdırılıb.

Öcalanın iqamətgahı ilə bağlı daha ətraflı məlumatı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan sabiq millət vəkili Şamil Tayyar verib.

“Madəm ki, D.Bahçeli Öcalan üçün İmralıda bir “bağ evi” inşa edildiyini açıqlayıb, davamını da biz gətirək. Bahçelinin bəhs etdiyi “bağ evi” ikimərtəbəli villadır. Sahəsi 250 kvadratmetrdir. Özündən iki dəfə böyük bağı var. Həm yaşayış, həm də iş yeri kimi inşa olunub. Telefon, internet kimi texniki infrastrukturlarla təmin edilib. Öcalan hələ bu villaya köçməyib, amma lazım olduqda iş üçün ondan istifadə edir”. 

Xatırladaq ki, A. Öcalan 1999-cu ildən İmralı adasındakı həbsxanada saxlanılır.

Banu