Rusiya heyəti kokain daşıyan təyyarə ilə Alyaskaya göndərildi - QALMAQAL
ABŞ prezidenti Donald Tramla Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı görüşünün hazırlığı üzrə Rusiya nümayəndə heyətini Ankoric şəhərinə daşıyan İl-96 təyyarəsinin adı “kokain işi”ndə keçir.
SAVASHMEDİA.az bu barədə “Verstka” Telegram kanalına istinadən xəbər verir.
Flightradar məlumatlarına əsaslanan “Verstka” kanalı bildirib ki, Rusiyanın birinci şəxslərinə xidmət edən və “Rossiya” uçuş eskadrilyasına məxsus təyyarənin bort nömrəsi RA-96023-dür.
“Bu, 2017-ci ildə Argentinadan Moskvaya təxminən 400 kq kokainin çatdırılması ilə bağlı işdə iştirak edən eyni təyyarədir”, - deyə nəşr yazıb.
Əvvəllər bu nömrəli təyyarədən Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev istifadə edib. 2017-ci ilin dekabrında o, bu laynerdə Braziliya və Argentinaya uçub.
2018-ci ilin martında Solsberidə keşmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızının zəhərlənməsindən sonra ölkədən qovulan rus diplomatları Böyük Britaniyadan məhz bu təyyarədə təxliyə olunub.
Xatırladaq ki, Putinlə Tramp arasında görüş avqustun 15-də Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. TASS-ın məlumatına görə, Rusiya tərəfdən tədbirdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, RDIF-in rəhbəri Kirill Dmitriev və Putinin müşaviri Yuri Uşakov da iştirak edəcəklər.
Xatirə SADİQ