Rusiyada seçkilərə qatılmayan partiyanın qeydiyyatı ləğv edildi

Rusiya Ali Məhkəməsi bu gün Ədliyyə Nazirliyinin iddiası əsasında “Vətəndaş Təşəbbüsü” partiyasını ləğv edib. 

Jun 17, 2025 - 15:49
Rusiyada seçkilərə qatılmayan partiyanın qeydiyyatı ləğv edildi

SAVASHMEDİA.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, buna səbəb kimi partiyanın qanunla siyasi təşkilatlar üçün məcburi olan seçkilərdə iştirak etməməsi olub. 

Ali Məhkəmədə partiyanın nümayəndələri qbildiriblər ki, ərardan apellyasiya şikayəti vermək niyyətindədirlər.

“Vətəndaş Təşəbbüsü” hakimiyyətin hazırkı kursuna qarşı çıxan liberal partiya kimi mövqe nümayiş etdirirdi. 

Bu partiya Boris Yeltsin hökumətində iqtisadiyyat naziri olmuş Andrey Neçayev tərəfindən 2013-cü ildə təsis edilib. 

2018-ci ildə partiya prezidentliyə tanınmış teleaparıcı Kseniya Sobçakın, 2024-cü ildə siyasətçi Boris Nadejdinin namizədliklərini irəli sürüb. Lakin Mərkəzi Seçki Komissiyası sonuncunun müdafiəsi üçün toplanmış doqquz mindən çox imzanı etibarsız sayaraq, prezident seçkilərində onun iştirakına icazə verməyib.

“Vətəndaş Təşəbbüsü” son 7 il ərzində yalnız Primorsk diyarındakı regional parlament seçkilərinə öz namizədini irəli sürməyə və qeydə almağa nail olub. 

Ədliyyə Nazirliyi qeyd edib ki, qanun üzrə partiya bunu Ukraynanın ilhaq edilmiş vilayətləri də daxil olmaqla, ölkənin subyektlərinin ən azı 20 faizində həyata keçirməli idi. 

Partiya isə iddia edir ki, namizədlərinin qeydə alınmasından imtina edilib. 

Xatirə SADİQ