Siyasi məhbus olan üç Krım tatarı azadlığa çıxdı – Rusiyada
Ukraynanın üç siyasi məhbusu – Krım tatarları Remzi Memetov, Zevri Abseitov və Rustem Əbiltarov Rusiya həbsxanasında 9 il həbsdən sonra azadlığa buraxılıblar.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Krım həmrəyliyi” hüquq-müdafiə təşkilarının “Facebook” səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, siyasi məhbuslar cəzalarını sonadək çəkiblər. Memetov bu müddəti 11 saylı həbsxanada, Əbiltarov və Abseitov isə Stavropol şəhərindəki 1 saylı həbsxanada keçirib.
Ukrayna mediası xatırladıb ki, aşpaz Remzi Memetov, iş adamı Enver Mamutov, diş həkimi Zevri Abseitov və dülgər Rustem Əbiltarov 2016-cı il mayın 12-də Baxçasarayda həbs olunublar. Onlar “Hizb-ut-Təhrir”in “birinci Baxçasaray qrupu”nun işi üzrə ittiham olunublar.
2018-ci il dekabrın 24-də Cənub Rayon Hərbi Məhkəməsinin hökmü ilə Memetov, Əbiltarov və Abseitov 9 il müddətinə azadlıqdan məhrub ediliblər. Mamutov 17 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu il iyulun 11-də Rusiya Ali Məhkəməsi cəzanı yüngülləşdirərək dördünün də müddətini 3 ay azaldıb.
Xatirə SADİQ