Tramp qolf oynayarkən havaya qalxan təyyarələr həyəcan yaratdı - Yaxalandılar
ABŞ Hərbi Hava Qüvvələrinon qırıcı təyyarələri bazar günü Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında uçan mülki təyyarəni ələ keçirib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Məlumata görə, insident Trampın West Palm Beach meydançasında qolf oyununu bitirdiyi vaxt baş verib. Yaxalanma zamanı F-16 qırıcıları mülki pilotun diqqətini cəlb etmək üçün fişənglərdən istifadə edib.
Başqa yaxalanma şənbə günü səhər, Tramp şəxsi Mar-a-Laqo iqamətgahından qolf sahəsinə gəldikdən qısa müddət sonra baş verib.
Rəsmi şəxslərin sözlərinə görə, Florida ştatının cənubunda intensiv hava məkanında uçuş məhdudiyyətlərinin pozulması dəfələrlə təyyarələrin ələ keçirilməsinə səbəb olub. Lakin bu, prezidentin cədvəlinə təsir etməyib və onun təhlükəsizliyinə heç bir təhlükə törətməyib. NORAD qeyd edib ki, siqnal raketlərinin qığılcımları yerdən görünə bilər, lakin onlar tez sönür və heç bir təhlükə yaratmır.
Federal hakimiyyət orqanları Mar-a-Laqo üzərində daimi uçuşa qadağa zonası tətbiq edib və prezident orada olanda həmin qadağa 30 dəniz milinə (56 kilometr) qədər genişləndirilir.
Bu cür hadisələr mütəmadi olaraq baş versə də, NORAD Trampın andiçmə mərasimindən sonra onların tez-tez baş verməsindən narahatlığını ifadə edib. Komandanlıq bildirib ki, yanvarın 20-dən bəri 20-dən çox qayda pozuntusu qeydə alınıb və uçuşdan əvvəl məhdudiyyətləri yoxlamayan mülki pilotları günahlandırıb.
Xatirə SADİQ