Türkiyəli müğənni Güllünün ölümünə görə qızı HƏBS EDİLDİ
Məhkəmə müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter barəsində həbs qərarı verib.
SAVASHMEDİA.az xəbər verir ki, Gülter qəsdən adam öldürmə ittihamı ilə məhkəmə zalından həbsxanaya göndərilib.
Məlumata görə, Güllünün qətlində Tuğyana kömək edən rəfiqəsi Sultan Nur Ulu barəsində isə məhkəmə ev dustaqlığı qətimkan tədbiri çıxarıb.
S.N. Ulunun istintaq çərçivəsində saxlanılan atası Arif Ulu və daha iki nəfər dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.
Qeyd edək ki, Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu 9 dekabrda İstanbul Büyükçekmecedə ölkədən qaçmaq istəyərkən saxlanılıblar. Onlar dəniz yolu ilə Gürcüstana, oradan da Fransaya getməyi planlayırmışlar.
Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını deyiblər. Lakin Güllünün səhnəyə çıxdığı məkanın sahibi Ferdi Aydın prokurorluğa gedərək Güllünün cinayətə qurban getdiyinə dair ifadə verib və hadisə ilə bağlı şahidlərin dindirilməsini təmin edib. Bundan sonra müğənninin qızı T.Ü.Gülter şübhəli şəxs qismində ifadə verib. Lakin yetərli sübut olmadığı üçün sərbəst buraxılıb. Buna baxmayaraq, polis uzun müddət Tuğyanın qaldığı evi izləyib və 9 dekabrda onun və birgə qaldığı rəfiqəsi Sultan Nur Ulunun ölkədən qaçacağı ilə bağlı şübhəli hallar aşkarlayıb. Nəticədə keçirilən əməliyyatla T.Ü.Gülter və S.N.Ulu saxlanılıb.
Banu
Fotoda: Tuğyan Ülkem Gülter