Ukraynalı səfir Vensin zəngini qəbul etməyib

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı martın əvvəlində ABŞ-nin vitse-prezidenti Cey Di Vensin zənginə cavab verməyib.

Aug 25, 2025 - 15:18
Ukraynalı səfir Vensin zəngini qəbul etməyib

SAVASHMEDİA.az xəbər verir ki, “The Guardian” üç mənbəyə istinadən məlumat yayıb. 

Nəşr qeyd edib ki, bu hadisə Ağ Evdə prezidentlər Donald Tramp və Volodimir Zelenskinin iştirakı ilə mübahisədən sonra baş verib. Həmin qalmaqalın  yaranmasında mühüm rol oynayan Vens və Tramp administrasiyasının digər əməkdaşları hətta “problemli Zelenski”nin alternativləri barədə düşünməyə başlayıblar. Bəzi amerikalı məmurlar, məsələn, senator Lindsi Qrem hətta açıq şəkildə Ukrayna liderini istefaya çağırıb. 

Bu fonda Vens komandası “müxtəlif diplomatik və digər kanallardan” istifadə etməklə Zalujnıya zəng vurmağa cəhd göstərib. Lakin səfir Ukrayna prezident aparatının rəhbəri Andrey Yermakla məsləhətləşdikdən sonra zəngə cavab verməkdən imtina edib.

Qəzet xatırladıb ki, Vaşinqtondakı uğursuz danışıqlardan sonra Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşmək üçün Londona uçub. Zalujnı ölkə prezidenti ilə çətin münasibətinə baxmayaraq, onu London hava limanında qarşılayıb və bir-birlərinin əlini sıxarkən çəkilmiş fotosunu dərc edib. 

“The Guardian” vurğulayıb ki, bu jest Rusiyanın genişmiqyaslı müharibəsinin başlanmasından bəri “Ukrayna üçün ən çətin anlardan birində birliyin nümayişi olub”.

Zalujnıya yaxın mənbə qəzetə deyib: “Tərəfdarlarının çoxu onun niyə belə etdiyini başa düşmədi. Amma bu, onun prinsipial mövqeyi idi: Ukraynanı aşağıladılar və biz birlik olmalıyıq”.

Xatırladaq ki, Tramp fevralın sonunda Zelenski ilə Oval kabinetdə mübahisədən sonra Ukrayna prezidentini hörmətsizlikdə və sülhə hazır olmamaqda ittiham etmişdi. Həmin mübahisə nəticəsində hətta nadir torpaq metalları müqaviləsinin imzalanma mərasimi baş tutmamışdı. Hətta Ağ Evin Ukraynadakı müxalifət liderləri ilə təmasa keçdiyi barədə xəbərlər yayıldı. 

Lakin Ukrayna ictimaiyyəti Trampın Zelenskiyə qarşı bütün ittihamlarını rədd edərək öz prezidentlərini dəstəklədiklərini nümayiş etdirdilər. Bundan sonra Avropa liderlərinin vasitəçiliyi ilə Zelenskinin Trampla təkbətək görüşü Vatikanda baş tutdu. Bu görüşdən sonra iki ölkə arasında nadir torpaq metalları haqqında müqavilə imzalandı və hərbi əməkdaşlıqla bağlı maneələr aradan qaldırıldı. 

ABŞ və Ukrayna prezidentləri sonuncu dəfə avqustun 18-də Ağ Evdə ikitərəfli danışıqlar apardılar. Onların Oval kabinetdəki görüşündə artıq Vensin səsi belə çıxmadı. Bu danışıqlardan sonra Tramp və Zelenskinin Ağ Evdə avropalı liderlərlə sammiti keçirildi. Həmin danışıqların uzanması Tramp komandasının başqa tədbirləri təxirə salması ilə nəticələndi. Ekspertlər bunu Zelenskinin triumfu kimi qiymətləndiriblər. 

Xatirə SADİQ