Ukrayna vətəndaşlarına ödənişlərə veto qoyuldu - Polşada
Polşa prezidenti Karol Navrotski ölkəsindəki Ukrayna vətəndaşlarına sosial ödənişlər və pulsuz tibbi xidmət haqqında qanuna veto qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Interia Wydarzenia portalı məlumat yayıb.
“800+ ödəniş yalnız Polşada işləməyi öhdəsinə götürən ukraynalılara verilməlidir”, - deyə Navrotski vurğulayıb.
Navrotski bu addımı “müəyyən sosial ədalətin bərqərar edilməlisi” kimi izah edib. O, qeyd edib ki, “polyaklar öz dövlətlərində ən azı Ukraynadan gələn qonaqlarımızla eyni səviyyədə qəbul edilməlidirlər” və bu, onun üçün prinsipial məsələdir. Buna görə də “Ukrayna vətəndaşlarına yardım haqqında qanunu bu variantda imzalamayıb”.
Polşa lideri əlavə edib ki, bu məsələ ilə bağlı öz qanun layihəsini təklif edib. O, hökuməti və parlamentdəki bütün partiyaları iki həftə ərzində bu qanunun forması üzərində işləməyə çağırıb.
KİB vurğulayıb ki, onun təklifləri arasında təkcə Ukrayna vətəndaşlarına deyil, digər regionlardan gələnlərə də vətəndaşlıq verilməsi üçün yeni qaydalar var.
Prezident hesab edir ki, Polşa vətəndaşlığı “yalnız böyük şərəf deyil, həm də məsuliyyətdir. Çünki onu kim alırsa, bizim milli cəmiyyətin gələcəyinə təsir edir”.
Onun sözlərinə görə, vətəndaşlıq almaq prosesi üç ildən 10 ilədək uzadılmalıdır, belə bir müddəa onun qanun layihəsinə daxil ediləcək.
Navrotskinin təklif etdiyi digər məqam sərhədi qanunsuz keçməyə görə cəzanın artırılması – beş ilədək həbs ilə bağlıdır.
Polşa dövlət başçısı həmçinin vurğulayıb ki, “Rusiya təbliğatını aradan qaldırmaq” və Polşa-Ukrayna münasibətlərini tərəfdaşlıq əsasında qurmaq lazımdır. Bu səbəbdən qanun layihəsinə “banderizmə son” bəndinin daxil edilməsini təklif edib.
“Mən Cinayət Məcəlləsində banderizmin alman nasizmi ilə eyniləşdirilməsini istəyirəm”, - deyə Navrotski yekunlaşdırıb.
Xatırladaq ki, Polşanın yeni prezidenti Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün əleyhinədir. Bundan başqa o, Polşada qırmızı ordu abidələrinin sökülməsində iştirakına görə Rusiyada axtarışa verilib.
Xatirə SADİQ