“Ukraynanın ərazi bütövlüyünə hörmət edilməlidir” - Kelloqa xəbərdarlıq
“Rusiyanın müharibəsinə son qoymağa yönəlmiş istənilən həll yolu Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqa bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ədalətli sülhü təmin etmək üçün ABŞ ilə birlikdə işləməyə hazırdır.
Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, fon der Lyaeyen, Aİ-nin Ukraynaya göstərdiyi hərbi yardıma tam sadiq qaldığını və daha çox şey etməyə hazır olduğunu vurğulayıb.
Aİ-nin Ukraynanın maliyyə sabitliyinin və müdafiəsinin təmin edilməsində kritik rolunu qeyd edən komissiya prezidenti nəzərə çatdırıb ki, təşkilatın ümumi öhdəliyi 135 milyard avrodur və buraya ABŞ-nin töhfəsinə müvafiq olaraq 52 milyard dollarlıq hərbi yardım daxildir. “O, Avropanın istehsal və müdafiə xərclərini artırmaq, həm Avropa, həm də Ukraynanın hərbi potensialını gücləndirmək planlarını açıqlayıb”, - deyə məlumatda bildirilib.
Fon der Lyayen həm də Kelloqun diqqətinə çatdırıb ki, hazırda kritik andır.
Xatirə SADİQ