1 paytaxt şəhərində. İRƏVAN

Hadisə 13 il bundan əvvəl baş vermişdi.

Aug 18, 2025 - 13:47
1 paytaxt şəhərində. İRƏVAN

Tiflisin dəmiryol vağzalında adam və çamadan əlindən tərpənmək olmurdu. Bir platformanın iki yoluna Bakıya və İrəvana gedən qatarlar yan aldı. Gözəl Azərbaycan dilinin nəcib sözləri hayların cır hayqırtısına qarışmışdı. Özümə mini “Zəngəzur dəhlizi” açıb vaqona qalxdım. Kupenin qapısını, sonra oturacaq nömrəsini tapdım. Yaxşı ki, yataq ləvazimatı döşəyin üstündə idi. Yerimi rahatlayıb uzandım. Yorğun idim. Tez yuxuladım.

Səhər vaqonların bir-birinə dəyməsi, silkələnmə və vağzal üzrə elan səsi məni oyatdı. Çatmışdım. Başqa sərnişinlər yəqin getmişdilər, axıra qalmışdım. Pəncərədən yazıları gördükdə təəccübləndim. Gürcü qrafikasına oxşatdım. Lakin nitqi eşidəndə anladım: qatar məni İrəvana gətirib.

Fikirlər beynimdən sürətlə keçirdi. Əvvəla, qatardan enməli idim. Endim. Sonra vağzaldan şəhərə çıxmalı idim. Çıxdım. Qırmızı tuf daşından tikilmiş binalar mənim ən pis şübhəmi təsdiqlədi: bura Ermənistandır. Ermənicə bilməsəm də, dili, tələffüzü tanıyıram.

Hər yerdə olduğu kimi, taksi sürücüləri gəlmiş sərnişinlərə həmlə edirdilər. Bədbəxt, bəlalı başımı yelləməklə bildirirdim ki, istəmirəm. Bu yerdə “çe” sözü yadıma düşdü. Ernesto Gevara deyil, “yox” mənasında.

Heç yerə gedə bilməzdim: oteldə sənəd, kafedə pul tələb edəcəkdilər. Hamısı da məndə Azərbaycan əsillidir. Düşündüm, əgər yaxınlaşıb söz soruşsalar, rusca cavab verməliyəm. Guya Maqadanda – demə niyə orada – doğulmuşam, böyümüşəm və erməni dilində danışmamışam.

Özümü rus kimi qələmə verərdim, lakin qaş-gözüm, saçımın rəngi məni düşmənə satardı. Həm də erməni tayfası onsuz da özündən başqa heç kimi sevmir, rusları həmçinin.

Şahmatda blits oynayanda da belə sürətlə düşünməmişdim. Suqsvanq yaranmışdı: hansı gediş etsəm – vəziyyət yalnız pisləşəcək.

Qərara aldım ki, taksi saxlayıb ABŞ səfirliyinə gedim. Cibimdə 10-15 dollar qalmışdı. Rusça danışmaq da olar: əcnəbi vətəndaş erməni dilini bilməli deyil ki!

Sürücünün sifətindən zəhər yağırdı. Elə bil indicə ya dəlixanadan qaçıb, ya da səngərdən. Ermənicə nə isə dedi. Yəqin haraya getmək istədiyimi soruşdu. Birdən ağlıma təzə fikir gəldi və qəbahətlə dilləndim: “Yunayted Steyts of America. Ambassador”. Bizim kənddə hamı belə danışır. Sürücü isə bizim kənddən deyilmiş. Üzünü mənə çevirib qəzəblə baxdı. Yeni qılafa girdim. Əlimdəki dollarları ürəyimdəki “Haramın olsun!” sözləri ilə uzadıb dedim: “Posolstvo Amerika”. Guya rusca idi. O da guya başa düşdü.

Pul motoru işə saldı. Maşın nəhayət yerindən tərpəndi. Amma haraya sürdü – səfirliyə, yoxsa Ermənistanın dövlət təhlükəsizliyi orqanlarına – bunu bilmədim. Çünki motorun səsi məni bu yerdə yuxudan oyatdı...

A.ƏZİZ