Laricanini üzüyündən tanıyıblar - Cəsədi belə tapıldı + FOTO

İsrailin hava zərbəsi nəticəsində öldürülən İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin üzüyü vasitəsilə tanındığı iddia edilir. 

Mar 19, 2026 - 00:36
Laricanini üzüyündən tanıyıblar - Cəsədi belə tapıldı + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, evində olduğu zaman bombaların hədəfinə çevrilən Laricaninin dağıntılar altında qalmış fotoları dünya mediasında paylaşılıb.

İran dövlət televiziyasının yaydığı məlumata görə, Əli Laricani Tehranın Pərdis bölgəsindəki evində hücuma məruz qalıb. Hücum nəticəsində Laricani ilə birlikdə oğlu Murtuza, müavini Əlirza Bəyat, Şura əməkdaşları və bir neçə mühafizəçisi həyatını itirib.

İsrailin "YNet" nəşri və İsrail ordusunun rəsmi Telegram kanalları Laricaninin əli olduğu iddia edilən bir foto paylaşıb. Məlumata görə, cəsəd tanınmaz halda olsa da, Laricanin barmağındakı məşhur üzüyü onun kimliyini təsdiqləməyə imkan verib.

1958-ci ildə Nəcəfdə doğulan Laricani İranın ən nüfuzlu siyasi sülalələrindən birinə mənsub idi. Onun karyerası elm və siyasətin kəsişməsində formalaşmışdı.

Şərif Texnologiya Universitetində riyaziyyat üzrə təhsil alıb, sonradan Qərb fəlsəfəsi (xüsusilə İmmanuel Kant yaradıcılığı) üzrə doktorluq dərəcəsi qazanıb.

Mədəniyyət naziri, Radio və Televiziya Qurumunun rəhbəri və 12 il boyunca (2008-2020) İran Parlamentinin sədri vəzifələrində çalışıb.

2005-ci ildə Milli Təhlükəsizlik Ali Şurasının katibi kimi İranın nüvə proqramı üzrə baş müzakirəçisi olub.

2025-ci ilin avqustunda yenidən Milli Təhlükəsizlik Ali Şurasının baş katibi təyin edilərək ölkənin təhlükəsizlik strategiyasının əsas memarlarından biri olmuşdu.

Laricani Ayətullah Əli Xameneinin ən çox etimad göstərdiyi dövlət xadimlərindən biri hesab olunurdu.