İran müharibəsinin qazananı Putindir, Tramp onun əlinə oynayır - "Necə?" sualının CAVABI
ABŞ və İsrail üç həftədir İrana aviazərbələr endirir. Rusiyanın yaxın tərəfdaşı olan Tehran çöküşə doğru gedir, regionda siyasət qarışıb, Moskva isə bütün bunları kənardan izləyir.
SAVASHMEDİA.az xəbər verir ki, AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel Kremlin o qədər də məyus olmadığını yazır.
"Fikrimcə, bu, Avropada təhlükəsizlik və iqtisadi mənzərəni mürəkkəbləşdirir. ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynadan yayındırır, bütün bunlar isə Moskvaya əlavə meydan açır", – Rusiya üzrə ekspert, London Kral Kollecində Rusiya üzrə professor Sem Qrin belə deyir.
Təhlilçinin fikrincə, Avropa siyasətçilərinin Ukraynanı dəstəkləmək istəyi də dəyişə bilər, bu isə "Rusiyanın dəyirmanına su tökməkdir".
Bir yandan da neft və qazın bahalanması Rusiyanın Ukraynada beşinci ilə keçmiş müharibəsini maliyyələşdirir.
Həm Rusiyaya nəfəs verir, həm birliyi sarsıdır
"Enerji qiymətlərinin yüksəlməsi təkcə Rusiya iqtisadiyyatına nəfəs vermir, həm də Ukraynanı dəstəkləyən ölkələrin birliyini sarsıdır", – "Chatham House" təhlil mərkəzində Avropa proqramının aparıcı tədqiqatçısı Katya Beqo deyir.
"Yaxın Şərqdə enerji böhranı qalarsa və dərinləşərsə, çox güman ki, Macarıstan və Slovakiya kimi partiya intizamını pozan ölkələrlə yanaşı, daha çox Avropa liderinin oxşar bəyanatlar verəcəyini görəcəyik", – o bildirib.
Bu arada Tramp administrasiyası hazırda tankerlərdə olan Rusiya qazını almağa müvəqqəti icazə verib.
"Moskva üçün Yaxın Şərq müharibəsində ideal ssenari sürətli qələbə, yaxud katastrofik eskalasiya deyil, orta müddət və intensivliklə davam edəcək münaqişədir ki, neftin qiymətləri yuxarı qalsın, qlobal iqtisadiyyata da böyük ziyan dəyməsin", – Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko X postunda yazıb.
"Bu müharibədən qazanan Putindir, xəzinəsini neft dollarları ilə doldurur... Ukraynaya dəstək azalır", – bunu isə britaniyalı general, NATO-nun keçmiş komandan müavini Riçard Şirreff bu həftə CNN-ə deyib.
ABŞ isə Rusiya neftinin satışına müvəqqəti icazənin Kremlə ciddi fayda verməyəcəyini bildirmişdi.
Ağ ev məsələni şərh etməyib.