Stalinin özündən 40 yaş kiçik müsəlman oxşarı - Dadayevin xatirələri
Sovet rəhbəri Stalinin oxşarı olması barədə SSRİ-də və Rusiyada onilliklərlə şaiyələr gəzib. Həmin oxşar müəyyən situasiyalarda onu əvəz edib.
SAVASHMEDİA .az xəbər verir ki, Stalinin vəfatından illər sonra həmin adam danışmağa qərar verib.
Keçmiş rəqqas və jonqlyor Feliks Dadayev Kremldə Stalinin dublyoru kimi çalışıb. "Xalqlar atası"nın vəfatından ötən 50 ildə o ölüm cəzası alacağı qorxusundan danışmayıb. Amma qoca yaşlarında danışmağa qərar verib.
2008-ci ildə, 88 yaşlı Dadayev öz tərcüməyi-halını yazıb. Orada deyilir ki, Dadayev Stalinin oxşarı olmuş 4 nəfərdən biri olub. O, Stalini kortejdə, mitinqlərdə və kinoxronika kadrlarında əvəz edib.
Feliks Dadayev Dağıstanın dağ kəndində anadan olub. Daha sonra ailəsi Çeçenistana, Qroznıya köçüb. Burada balet dərsləri alıb.
İkinci dünya müharibəsi başlayanda döyüşə gedib və 1942-ci ildə Qroznının azad edilməsi zamanı ağır yaralanıb. Ailəsinə ölüm xəbəri verilib. O, xəstəxanaya çatdırılan 7 nəfərdən sağ qalan yeganə əsgər olub.
Bu "ölüm" onun qəribə ikili həyatının başlanğıcı olub. Onun 60 yaşlı Stalinə heyrətamiz oxşarlığı sovet kəşfiyyat agentlərinin diqqətini çəkib. Kəşfiyyat bu oxşarlıqdan istifadə etməyə qərar verib. Məqsəd Stalini sui-qəsd cəhdlərindən qorumaq və bezdirici kütləvi tədbirlərdə iştirakdan canını qurtarmaq olub.
Dadayev Stalindən 40 yaş kiçik olsa da, müharibə gərginliyi və qrim onu 60 yaşlı Rəhbərə oxşadırdı.
"Biz müharibədə o qədər əzab çəkmişdik ki, yaşımdan çox böyük görünürdüm", - Dadayev bildirib.
Stalinin şəxsi xahişi ilə öyrədilmiş Dadayev başında furajka və əynində medallar olan şinellə SSRİ üzrə keçirilmiş mitinqqlərdə, toplantılarda iştirak edib.
Dadayev Stalinin mimika, hərəkət və intonasiyalarını dəqiq təkrarlamaq üçün onunla bağlı filmlərə baxıb, çıxışlarını dinləyib. Bir sıra məlumatlara görə, Dadayevlə təbliğat filmlərində Stalin rolunu oynayan aktyor Aleksey Dikiy məşq edib.
O zaman üçün Stalinin danışıq intonasiyasını ideal şəkildə imitasiya etməyə o qədər də ehtiyac yox idi. Zahiri görkəmi və manerası bəs edirdi. Dadayev Stalini o qədər dəqiq imitasiya edirdi ki, hətta Rəhbərin ən yaxın adamları belə onu həqiqi Stalindən ayıra bilmirdilər.
"Makiyaj və təlimdən sonra mən tam olaraq Stalinə oxşayırdım. Təkcə qulaqlarım fərqli idi, balaca idi".
Stalinin digər oxşarı adı "Rəşid" kimi qeyd olunan şəxs olub. Rəşid Stalinə o qədər oxşayırmış ki, ordu sıralarına gələndə onu dərhal xaric etmişdilər.
Rəşid təsdiq edirmiş ki, NKVD-də (KQB) Stalinin digər oxşarları da çalışıb. Özü onlarla heç vaxt görüşməyib.
Onun sözlərinə görə, 1940-50-ci illərdə Stalinin bağ evində yaşayan daha bir oxşarı olub. 1953-cü ildə Stalin vəfat etdikdən sonra Rəşid ucqar əyalət şəhərlərinin birinə köçüb. (azpost)