İcra başçısını güllələmiş dustaq Ramiz Rövşənin kitabını istəyib
Tanınmış telejurnalist Mübariz Əsgərov 1991-ci il dekabrın 11-də Şuşanın icra başçısı Mikayıl Gözəlovun qətli ilə bağlı həbsxana həyatı yaşayan və 2019-cu ildə vəfat edən Elbrus İbrahimovla bağlı maraqlı faktları açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, jurnalist bu barədə musavat.com-a danışıb:
“Həbsxanada çəkiliş apararkən bir neçə dəfə Elbrusla görüşdüm. Onu hətta “Şuşanın dağları qara dumanlı” filmimə də çəkdim. O zaman Elbrusla bir neçə dəfə ünsiyyət qurmuşdum və qətlin səbəbini öyrənməyə çalışdım, lakin bu mümkün olmadı. O, qətli törətməsini yalnız əsəbiləşməsinə bağladı və başqa məqsədi olmadığını söylədi. Hətta hər görüşdə məndən nələrisə gətirməyimi xahiş edirdi. Bir dəfə Ramiz Rövşənin “Nəfəs” kitabını, növbəti görüşdə isə dünya xəritəsini istədi. Mən xəritəni alıb apardım. Qəribə gəlirdi ki, 20 ildən çox Qobustan həbsxanasında qapalı şəraitdə yaşayan bir insan dünya xəritəsi istəyir. Dəfələrlə görüşsəm də, istədiyim suallara cavab tapa bilmədim. Bir neçə il sonra o dünyasını dəyişdi. İndiyə qədər “Rezonans” verilişində təxminən 30 ömürlük məhbusun həyatını işıqlandırmışam. Onların hamısı qapalı şəraitdə olduqlarından ağrılı, acılı həyat yaşamışdılar. Bir neçə baxışdan onların əsl xasiyyətini anlamaq mümkün deyil. Elbrus da onlardan biri idi” – deyə M. Əsgərov bildirib.
Jurnalistin sözlərinə görə, Elbrus İbrahimov Şuşanı çox sevirmiş:
“Hətta onun kamerasında Şuşanın şəkli asılmışdı. Ola bilsin ki, o, qətli məqsədli etməmiş, sadəcə əsəbiləşmişdi. Şuşanı çox sevən bir insan idi. Lakin müharibə vaxtı icra başçısını güllələmək kiçik bir iş deyildi. Ona görə Elbrus yaxşı insan idi demək olmaz. Lakin əməlindən peşman idi və mənə elə gəlir ki, bu mövzuda tam səmimi idi”.
Xatırladaq ki, E. İbrahimov 27 il məhkum həyatı yaşamış və cəzasının böyük hissəsini Qobustan qapalı həbsxanasında çəkmişdi. Son illərdə ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi. Elbrus İbrahimovun adı ölkə gündəminə 1991-ci ilin 11 dekabrında, Şuşa icra başçısını qətlə yetirməsi ilə düşmüşdü. O, Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla öldürməsi ciddi suallar doğururdu. Qətl günü həbs edilən İbrahimov bir neçə gün sonra Bakıya – Bayıl həbsxanasına göndərildi. Məhkəmə prosesində isə qətlə dair qeyri-adi heç bir fakt ortaya çıxmadı. O, icra başçısını əsəbiləşdiyi üçün güllələdiyini iddia etdi. Başlanğıcda güllələnmə cəzasına məhkum edilən İbrahimovun hökmü sonradan ömürlük həbsə çevrilmişdi.
Fotoda Elbrus İbrahimov