Azərbaycanda süni yumurta satılır? - Necə ayırd etməli?

Sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan görüntülər insanların narahatlığına səbəb olub.

Mar 17, 2026 - 17:38
Mar 17, 2026 - 18:28
Azərbaycanda süni yumurta satılır? - Necə ayırd etməli?

SAVASHMEDİA.az xəbər verir ki, həmin videolarda bəzi ölkələrdə yumurtaların süni şəkildə hazırlandığı iddia olunur. Kimyəvi maddələrlə sarısı və ağı formalaşdırılır, qabıq hissəsi isə xüsusi qəlibə salınır.

Bəs bu yumurtalardan ölkəmizdə də varmı?

Məsələ ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Mütəllim Abdullazadə bildirib ki, belə məhsullar dünyada kütləvi istehsal olunmur.

Onun sözlərinə görə, yumurtanın süni şəkildə hazırlanması həm çətindir, həm də baha başa gəlir:

"Bu tip videolar çox vaxt ya laborator eksperimentlər olur ya da sosial media sensasion xarakterli video. Hazırda elmi və iqtisadi cəhətdən belə yumurtanın istehsalı və kütləvi satışı uyğun olmadığı və adi yumurtanın istehsalı süni yumurtadan ucuz başa gəldiyi üçün həmin məhsulun ölkəyə gətirilməsi və ya satışının həyata keçirilməsi düzgün hesab olunmur".

Bəs təbii ilə süni yumurtanı necə fərqləndirə bilərik?

Ekspert qeyd edib ki, təbii yumurtanın qabığı daha ağ rəngə çalır. Süni yumurta isə daha şəffaf, parıltılı qabığa malikdir. Həmçinin həmin yumurtanı qırarkən sarısı və ağı qarışmış halda da ola bilir.

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli bildirib ki, yumurtaya olan tələbat tam ödənilir. Ölkəyə yumurtanın idxalı demək olar ki, həyata keçirilmir. Bu səbəbdən bu iddiaların real olması mümkün deyil.

Aytən