1 paytaxt şəhərində. MİNSK
Bu şəhərə ilk səfərimdən vuruldum. Onun küçə və prospektləri geniş, əzəmətlidir. Alman hərbi əsirlərinin əli ilə ucaldılmış monolit binalar bu əzəməti daha da artırır.
Küçədə addımladıqca ətrafa böyük maraqla tamaşa edirdim. Bakıda görmədiyim avtomobil markalarına da orada rast gəlirdim. Nə deyəsən – Avropa!
Birdən qaçhaqaç düşdü. Əvvəl 1-2 nəfər, sonra daha çox insan irəliyə yüyürdü. Cavan, yaşlı, uşaq...
Düşündüm, bəlkə zooparkdan şir, pələng qaçıb. Dönüb arxaya baxdım. Heyvan yox idi. Adamların isə bəzisi cumur, bəzisi mənim kimi dinc addımlarla gedirdi. Qaçanlar məhəllənin başına çatanda dayanırdılar. İşıqforun yanında. Yaşıl işıq yandı, piyadalar küçənin qarşı tərəfinə yollandılar.
Sirr açıldı: camaat özünü buraya çatdırırdı ki, yaşıl işıqda yolu keçsin. Bilirlər – başqa cür olmaz. Qaydalar hamı üçündür. İntizamlı xalqdır. Qanuna əməl edir. Əməldən əvvəl – hörmət edir. Mən isə öz növbəmdə belaruslara hörmət etdim.
İşimlə əlaqədar gəldiyim yerdə həmkarımla nahar fasiləsinə çıxdıq. Yaxınlıqdakı restoranda əyləşib sifariş verdik. Bir neçə stol aralıda səs-küylü kişilər yeyib-içirdilər. Qaraqaş-qaragöz cavanı azərbaycanlıya oxşatdım. Eyni əlamətlərə görə o da məni “ifşa” etdi, hədəfə aldı. Əvvəlcə xeyli baxdı. Sonra qalxdı. Ayaq üstdə dura bilmirdi. Səngiyərək bizim stola yaxınlaşdı. Sərxoş tərzdə soruşdu:
– Azərbaycanlısan?
Susdum. Sanki başa düşmürdüm. Amma üzünə maraqla baxdım. Sualını təkrar etdi. Susmağıma davam etdim. Keçdi rus dilinə. Dedim “Net”. Kor-peşman yellənə-yellənə qayıtdı yerinə. Yerli tanışım üçün maraqlı idi:
– O ki azərbaycanlıdır. Niyə dedin “yox”?
– Günorta sərxoş olan azərbaycanlı mənə lazım deyil.
Sən də yaramaz azərbaycanlını millətindən ayırıb rədd et ki, yaxşılarla fəxr edə biləsən, başqası isə qarışdırmasın.
A.ƏZİZ