21 saatlıq gizli savaş: ABŞ və İran razılaşmadı – Müharibə bərpa olunur?
ABŞ ilə İran arasında İslamabadda keçirilən 21 saatlıq danışıqların nəticəsiz başa çatması təkcə diplomatik uğursuzluq deyil.
Bu, əslində tərəflərin hələ də tam fərqli strateji reallıqlarda yaşadığını göstərir.
ABŞ vitse-prezidenti J. D. Vensin açıqlaması formal səbəbi ortaya qoydu: İran nüvə proqramı ilə bağlı geri addım atmadı. Amma məsələ bununla bitmir.
ABŞ nə istəyirdi və niyə alınmadı?
Vaşinqtonun əsas məqsədi sadə görünür: İranın nüvə silahına gedən yolunu bağlamaq. Amma bu, faktiki olaraq Tehrandan strateji kapitulyasiya tələb etmək deməkdir.
ABŞ üçün bu məsələ yalnız təhlükəsizlik deyil, həm də Yaxın Şərqdə hegemonluğun qorunması, İsrail faktorunun təmin edilməsi, Çin və Rusiya qarşısında zəif görünməmək məsələsi idi.
Danışıqlar zamanı Donald Trump administrasiyası daxilində yüksək səviyyəli koordinasiya (Marko Rubio, Skott Bessent, Brad Cooper) göstərir ki, ABŞ bu prosesi sıradan diplomatik görüş yox, strateji qarşıdurmanın bir mərhələsi kimi görür.
İran niyə geri çəkilmədi
İran üçün nüvə proqramı sadəcə enerji və ya silah məsələsi deyil — bu, rejimin sağqalma alətidir. Ona görə də İranın danışıqlarda güzəştə getmək istəməməsi başadüşüləndir. Digər tərəfdən isə İran ABŞ-ın zəmanətlərinə inanmır. Tehran sanksiyaların yenidən tətbiq olunacağından ehtiyyatlanır, anlayır ki, nüvə kartını itirsə, regional təsirini də itirəcək.
Yəni Tehran üçün bu danışıqlarda geri addım atmaq, faktiki olaraq özünü zəiflətmək anlamına gəlirdir ki, buna da getmədi.
40 günlük müharibənin kölgəsi
Bu danışıqların ən kritik fonu — yaxın keçmişdə baş vermiş 40 günlük hərbi qarşıdurmadır. Bu, tərəflər arasında güvəni sıfıra endirib, emosional və siyasi sərtliyi artırıb və diplomatiyanı formal prosedura çevirib.
Belə olan şəraitdə 21 saatlıq görüşdən konkret nəticələr gözləmək real deyildi.
Əsas sual: Kim uduzdu?
Formal olaraq hər iki tərəf razılaşma əldə edə bilmədi. Amma geosiyasi baxımdan:
ABŞ – məqsədinə çatmadı, amma mövqeyini qorudu
İran – geri çəkilmədi, amma təzyiq altında qalır
Yəni bu, klassik “uduşsuz qarşıdurma”dır. Hər iki tərəf itirmək istəmir, amma qazanmaq üçün kompromisə də getmir.
Atəşkəs niyə təhlükədədir?
Aprelin 7-də əldə olunan atəşkəs kağız üzərində qalmaq riski daşıyır. Çünki sanışıqlar uğursuz oldu, əsas problemlər yerində qalır və hər iki tərəf hərbi variantı masadan tam götürməyib.
Bu isə o deməkdir ki, bölgə yenidən eskalasiya mərhələsinə çox yaxındır. İslamabad görüşü bir şeyi açıq göstərdi: ABŞ və İran arasında problem konkret məsələlər yox, strateji etimadsızlıqdır. Bu həll olunmadıqca razılaşmalar gecikəcək, risk isə artacaq. Və ən vacibi - növbəti mərhələ artıq diplomatiya yox, yenidən güc nümayişi ola bilər.
Oğuz
SAVASHMEDİA.az