3 qəpikliklərin istehsalından milyon qazananlar kimlərdir? - Natiq Cəfərlidən açıqlama 

Hər ay nəğdsiz ödənişlərin artdığı dövrdə bu kimə lazımdır axı?

Feb 10, 2025 - 11:57
Feb 10, 2025 - 12:06
3 qəpikliklərin istehsalından milyon qazananlar kimlərdir? - Natiq Cəfərlidən açıqlama 

"2016-cı ildə açıqlama verdim, ölkədə ilk dəfə 1 və 3 qəpiklik xırda pulların istehsalının maya dəyərindən baha olduğunu bildirdim. Sonra 2024-cü ildə hesablama apardım və dedim ki, 1-3 qəpiklik xırda pulun istehsalı nominaldan 8-10 dəfə baha başa gəlir"

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu sözləri ReAL partiyasının rəhbəri, iqtisadçı Natiq Cəfərli deyib.

Reaksiyasızlıqdan gileylənən iqtisadçı Azərbaycan hökumətini Tramp adminstrasiyasından örnək götürməyə dəvət edib:

"Dünən ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyinə 1 sent dəyərində sikkələrin zərb edilməsini dayandırmaq göstərişi verib. Sitat: "Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar hər biri bizə sözün əsl mənasında 2 sentdən baha başa gələn 1 sent dəyərində olan sikkələrini zərb edir. Bu, çox israfçılıqdır! Mən Xəzinədarlıq katibinə yeni 1 sent sikkələrini zərb etməyi dayandırmağı tapşırmışam".

Bəlkə bizim hökumət Trampdan sonra reaksiya verib, nominal dəyərindən 8-10 dəfə baha başa gələn 1-3 qəpiklik xırda pulun xaricdə zərb etməsinin əsl səbəbini, kimin marağında olduğunu açıqlayar. Özü də hər ay nəğdsiz ödənişlərin artdığı dövrdə bu kimə lazımdır axı?" 

Natiq Cəfərli daha sonra xırda pulların zərb edilməsinə xərclənən böyük məbləğlərdən söz açıb:

"2023-cü ildə 1-3-5 qəpiklik xırda pulların Almaniya və Türkiyədə zərb edilməsinə 7 mln. 108 min dollar, yəni, 12 mln. 83 min manat pul xərcləyiblər. Həmin il xaricdə istehsal edilən bütün 1-3-5 qəpiklərin nominal dəyəri isə cəmi 1,5 mln. manat olub!"
Oğuz