Əhməd Psixatriya Xəstəxanasından qaçıb? - Şayiələri kim(lər) yayır?
Sosial şəbəkələrdə ailə üzvlərini qətlə yetirən və cəzasını psixatriya xəstəxanasında çəkən Əhməd Əhmədovla bağlı inanılmaz iddialar yayılıb.
SAVASHMEDİA.az xatırladır ki, bir qadının sosial şəbəkələrdə yaylan səsyazısında guya Əhməd Əhmədovun bir neçə xəstə ilə bərabər saxlanıldığı tibb müəssisəsindən qaçdığı iddia olunub.
Sosial şəbəkələrdə sürətlə yayılan və heç bir təsdiqi olmayan iddialara görə, onlar Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçarkən 2 nəzarətçini qətlə yetiriblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti sözügedən iddialarla bağlı açıqlama yayaraq məlumatların əsassız olduğunu bildirib. Buna baxmayaraq, iddiaların sürətlə yayılması vətəndaşlar arasında çaşqınlıq yaradıb.
Maraqlıdır, heç bir əsası olmayan və cəmiyyətdə təşviş yaradan bu kimi dezinformasiyaların yayılması hansı məsuliyyəti yaradır?
Hüquqşünaslar bildirirlər ki, bu tip yoxlanılmamış və əsassız məlumatların yayılması yalnız ictimai panika yaratmaqla kifayətlənmir, eyni zamanda hüquqi məsuliyyət də yaradır. Xüsusilə cinayət işi ilə bağlı şəxslərin adı hallanan hallarda bu cür məlumatların paylaşılması onların hüquqlarına və cəmiyyətin informasiya təhlükəsizliyinə zərər vura bilər.
Azərbaycan qanunvericiliyinə əsasən, bilərəkdən yalan məlumat yaymaq inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər. Əgər yayılan saxta xəbərlər ictimai asayişin pozulmasına, insanların təşvişə düşməsinə və ya digər ciddi nəticələrə səbəb olarsa, bu halda daha sərt cəzalar tətbiq olunur. Belə şəxslər cərimə oluna, ictimai işlərə cəlb edilə və müəyyən hallarda azadlıqdan məhrum edilə bilərlər.
Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvini qətlə yetirib. məhkəmənin qərarı ilə Ə.Əhmədov xüsusi tipli müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilib.
Səlcuq