Əlvida, Kolxozstan! – 7
İvanovkada klassik kənd qaydası var. Hər ev – gildəndir ya daşdan, fərq etməz - həyətin bir tərəfi boyu, məsələn, sağda tikilib.
Burada giriş, qonaq və yataq otaqları, mətbəx var. Binanın altında zirzəmi yerləşir. Kimdəsə xudmani, kimdəsə nəhəng. Qışda, havalar soyuq olanda, toy, yas mərasimi orada keçirilir. Çarpayı qoyub zirzəmidə yatanlar var. Yayda elə sərindir ki, kondisionerə ehtiyac qalmır.
İrəli gedəndə, evin arxasında yay mətbəxi görərsən. Bir tərəfi mütləq açıqdır. Bütün “çirk” mətbəx işləri burada görülür: quş kəsmək, ütmək, çörək, xörək, mürəbbə bişirmək, konserv bankalarını bağlamaq. Xüsusilə mürəbbə burada bişirilərkən ev otaqları odun istisindən xilas olur.
Ardınca hamam gəlir. Onu təmir edib kombiyə keçənədək dostum bir müddət əziyyət çəkdi. Altında od yanan çəni su ilə doldururdu. O qaynayanadək suyu yerdəki böyük alüminium qazana açırdı. Sonra parçla tasa qaynar və soyuq su tökərək, onları qarışdırırdı. İlıq suyu oradan götürüb başına tökürdü. Bütün bu vaxt ərzində parç onun əlindən düşmürdü. Odur ki, belə çimməyin adını “Təkəl” qoymuşdum. Nəzərə alsaq ki, insan bir əllə kisələnir və yuyunur, bu ad özünü doğruldurdu. Duş altından fərqli olaraq, həmin hamamda başı iki əllə yumaq mümkün deyildi. Mütləq bir əlinlə su tökür, o biri ilə saçlarını yuyursan.
Hələ bu nədir ki! On il bundan qabaq dostumla ev axtararkən çəllək hamamını da görmüşdüm. Dəmir çəlləyin altında od yanır (qaz və ya odunla), lazımi temperaturda girirsən çəlləyə və çimirsən. Tökülən çirkinin içində. Birinci Pyotrun dövründə və ondan əvvəl olduğu kimi. 2015-ci ildə... Əminəm ki, belə hamamlar kənddə indi də var. Şambolu budkalar olduğu kimi...
Hamamdan sonra təsərrüfat həyəti gəlir. Əşyaları saxlamaq üçün yer, emalatxana, taxıl anbarı...
Sonra quş hini.
Daha sonra mal tövləsi. Onu xeyli aralıda tikirdilər ki, aromatlar evdən mümkün qədər uzaq olsun.
Nəhayət, tualet – altda şambo olan, sadə materialdan quraşdırılan budka. Unitazda oturub qəzet, kitab oxuyan, telefonda yazışan adamların axirət yuxusu.
Normal insan hətta üstü açıq həyətinə evinin içi kimi baxmalı, nəsə (asfalt, tamet) döşəməli, vaxtaşırı süpürməlidir. İvanlar kəndində elə həyətlər gördüm ki, girməyimə peşman oldum: ayaqqabım, şalvarımın balağı palçığa batdı.
Doğrudur, son dövrdə şəhərdən gələnlərin təmir üslubuna baxaraq, ruslar da tualeti yaşayış binasına yaxınlaşdırır, onu daşdan, kərpicdən tikirlər. Hətta unitazda otururlar. Amma qalxdıqdan sonra əllərini çıxıb həyətdə yuyurlar. Əgər yada düşsə.
Sahəni bağ-bostan tamamlamalıdır. O isə hər kəsə nəsib olmur, hər həyətdə yoxdur.
Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)
A.ƏZİZ