Külbaş Zoya

Fransız yazıçı Şarl Perro 12 yanvar 1628-ci ildə anadan olmuşdur. O, məşhur “Külbaş”, “Qırmızıpapaq”, “Çəkməli pişik” nağıllarının müəllifidir.

Aug 7, 2025 - 13:24
Külbaş Zoya

Qrim qardaşlarının yazdıqları “Külbaş”ı oxuyanlar bilirlər ki, bu, o qədər də nəcib nağıl deyil. Heç olmasa ona görə ki, Külbaşın ögey bacıları ayaqlarını büllur hündürdaban tufliyə dürtməkdən ötrü barmaqlarını və dabanlarını mişarla kəsmişdilər. Külbaşla kral oğlu prinsin toyunda isə quşlar həmin qızların gözlərini dimdikləyib çıxarmışdı.

İddia olunur ki, Külbaş kimi tanıdığımız nağıl qəhrəmanı həyatda yaşayıb.

1853-cü il. Almaniya, Bavariya. Gənc qulluqçu An Elis Möller varlı ailənin evində işləyir. Yetim qızı daim alçaldır, onunla pis rəftar edirlər. Yalnız gecələr mətbəxdə sobanı təmizləyərkən An Elis özünə təsəlli tapırdı: mətbəx bədbəxtin böyük evdə qızına bildiyi yeganə isti yer idi. Onun Aşen Elis (“Aschen-Elise”) təxəllüsü də buradan gəlir. Bu, Aşenputel adının bölgə variantıdır.

Hə, nə qədər ki, unutmamışam, Qrim qardaşlarının nağıl qəhrəmanının adı Sinderella (“Cinderella”) idi. Zoluşka, Külbaş hardan gəldilər – qəliz məsələdir?

Bu nağılın süjeti o qədər köhnədir ki, onun analoqlarına həm Qədim Misirdə, həm də Qədim Çində rast gəlmək mümkündür.

Əfsanələrin birində deyilir ki, gözəl qız ayaqqabısının (səndəlinin) bir tayını itirir. Bu işdə Qor adlı tanrının da əli olur. Qor isə, hesab edilir, Misir fironlarının başlanğıcını, təməlini qoyub. Firon gözəl misirli qızın səndəlini görür, qızı axtarmağı əmr edir. Qız tapılır və firona ərə gedir. Bu qızın taleyi külbaş taleyinə bənzəmir, amma süjetlər bir-birinə çox oxşayır.

Uolt Disney şirkəti Ş.Perronun kitabı əsasında bədii film çəkib. Kinofilmin istehsalına 95 milyon dollar vəsait xərclənib. Təkcə Rusiyada prokat 10 milyon dollar pul yığıb. Amerikada xeyli çox – ilk həmlədən 201 milyon pul qazanılıb. Dünya üzrə filmin nümayişindən ümumi gəlir 542 milyon dollara bərabərdir. Bəlkə sən zavodda, tarlada əbəs yerə çalışırsan? Axmaq süjeti götürüb film çək!

Külbaşın taleyi tipik taledir: bədbəxt qız özünü oda yaxır, əzab çəkir, çalışır, nəhayət bəxti açılır. Qızın mənəviyyatına, əxlaq təmizliyinə şübhələnməyə əsas yoxdur. Lakin Hollivud fırıldaqçılarının, işbazlarının “Gözəlçə” filmindəki “qəhrəman” “qız” əməksevər, çalışqan qulluqçu deyil, fahişədir. Və cəmiyyətdə nə qədər yöndəmsiz olsa da, maymaq kimi görünsə də, bəxt ulduzu parlaq alışır: Culiya Robertsin personajı milyardçının, şübhəsiz, olmayan ağlını kəlləsindən çıxarır.

30 ildən çoxdur ki, bu neqativ nümunə yolunu azmış cəmiyyətə xoşbəxtliyin hamar, lakin əyri cığırını göstərir. Bu yol zəhmətdən, namusdan deyil, pozğunluqdan, düşkünlükdən, fahişəlikdən keçir.

Kandar söhbəti

Stendapçı Zoya Yarovitsina deyir ki, internetdə oxuyub: amerikalı qız öz bakirəliyini satışa qoyub. Keçirilən beynəlxalq hərrac nəticəsində həmin kəs qızlığını 850 min ABŞ dollarına satıb.

Zoya düz deyir. Bu barədə mən də internetdə oxumuşdum. Amma Zoyanın sonrakı sözlərinə görə məsuliyyət daşımıram: “Mən necə də axmaq olmuşam, bakirəliyimi buraxılış gecəsi adını da bilmədiyim məktəb yoldaşıma bəxş etdim...”.

A.ƏZİZ