Ərəb miqrantların zorla soxulduğu Seuta şəhəri kimindir? - Afrikadakı İspaniya torpağının tarixi
Mərakeşdən yüzlərlə ərəb əsilli miqrantın Seutaya keçməsi bu şəhəri yenidən dünya mediasının diqqət mərkəzinə gətirib.
SAVASHMEDİA.az xatırladır ki, Seuta İspaniyanın Şimali Afrikada yerləşən muxtar şəhəridir.
Şəhər coğrafi baxımdan Afrikada olsa da, siyasi baxımdan İspaniyaya məxsusdur və Avropa İttifaqının Afrikadakı yeganə quru sərhədinə malikdir.
Seutanın tarixi təxminən 3 min il əvvələ gedib çıxır. Şəhər müxtəlif dövrlərdə finikiyalıların, romalıların və ərəb dövlətlərinin hakimiyyəti altında olub.
1415-ci ildə Portuqaliya Seutanı ələ keçirərək Afrikadakı ilk daimi müstəmləkəsini yaradıb. Daha sonra Portuqaliya ilə İspaniya eyni kralın hakimiyyəti altında birləşəndə şəhər faktiki olaraq İspaniyanın idarəsinə keçib. 1668-ci ildə imzalanan Lissabon müqaviləsi ilə Portuqaliya Seutanın İspaniyaya məxsus olduğunu rəsmən tanıyıb.
Cəmi 18,5 kvadratkilometr əraziyə malik olan Seuta Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Cəbəllütariq boğazının yaxınlığında yerləşir. Bu strateji mövqe əsrlər boyu şəhəri həm ticarət, həm də hərbi baxımdan əhəmiyyətli edib.
Hazırda təxminən 85 min nəfərin yaşadığı Seutanı Mərakeşdən hündür hasar və güclü sərhəd nəzarəti ayırır. Buna baxmayaraq, hər il minlərlə miqrant Avropaya keçmək ümidi ilə məhz bu şəhərə daxil olmağa çalışır.
Mərakeş Seuta və Melilya şəhərlərinin öz ərazisi olduğunu iddia etsə də, İspaniya bu ərazilərin ölkəsinin ayrılmaz hissəsi olduğunu bildirir. Bu səbəbdən Seuta təkcə miqrasiya deyil, həm də Madridlə Rabat arasında uzun illərdir davam edən siyasi mübahisələrin əsas mövzularından biri hesab olunur.
Aytən