İrandan Trampın "Hörmüz ABŞ ərazisi olacaq" sözlərinə CAVAB - "Bu işlər tvit yazmaqla olmur"
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlaması Tehran-Vaşinqton qarşıdurmasında yeni gərginliyə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyi barədə bəyanatına sərt cavab verib.
Qəribabadi X sosial şəbəkəsində yazıb ki, Hörmüz boğazını nə bir tvitlə, nə təyyarədaşıyan gəmi ilə, nə əmr verməklə, nə də seçkiqabağı çıxışla ələ keçirmək mümkündür.
“İran nə təhdidlərdən qorxur, nə də güc nümayişindən çəkinir. Hörmüz boğazı İranın olub, İranındır və İranın olaraq qalacaq”, - iranlı diplomat bildirib.
Qəribabadi əlavə edib ki, boğaz yalnız İranın əmri ilə bağlanıb-açılacaq. O, ABŞ-ni məğlubiyyəti qəbul etməyə və xəyallardan əl çəkməyə çağırıb.
Qeyd edək ki, Donald Tramp avqustun 14-də Nyu-Yorkda çıxışı zamanı İranın məğlub edilməsindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. Tramp həmçinin ABŞ hərbi qüvvələrinin boğaz üzərində blokada tətbiq etdiyini və gəmilərin yalnız Vaşinqtonun icazəsi ilə keçə bildiyini deyib.
Oğuz