İtdən öyrən - Adam ol (2)
Bilirsənmi İtin ömrü niyə belə qısadır? Ona görə ki, insan öz səhvlərini dərk edib növbəti dəstpərvərində onları təkrarlamasın, düzəltsin.
Övladlarımızla belə alınmır. Onlar böyüyürlər, biz isə daim məşğuluq. Vaxt gəlir, onlar daha bizim deyil, biz isə artıq cavan deyilik. Yeni bala törəmək həm bəlalıdır, digər tərəfdən də sonra kimin üçün qoyub gedəsən!
İtlərdən biz həyat müdrikliyini öyrənirik. Elə isə, gəl İtə müdrik müəllimin layiq olduğu münasibət bəsləyək: sevək və hörmət edək.
İt – təbiətin insana bəxş etdiyi ən qiymətli hədiyyədir. Onu dost adlandırırlar, ailə üzvü sayırlar. Lakin İt sadəcə dost deyil. Təbiət onu bizə verib ki, bilək: biz lazımıq, biz sevilirik, bizə diqqət yetirilir.
İt insana təsadüfən bəxş edilməyib. O, təkcə qəlb rahatlığı üçün olmur. Onunla duyuruq: biz tənha deyilik, gərəkliyik, yanımızda yalnız bizim üçün döyünən ürək var.
Dördayaqlı canlı Can dostumuz tənhalıq hissini bizdən uzağa qovur. Axı tənhalıq heç də yanımızda kimsənin olmaması ilə bağlı deyil. Bu ağır hiss insanların arasında daimi vurnuxma, qarışıqlıq içində, pafoslu nitqlərin arxasında yaşaya bilər. Heç kəs səni həqiqətən anlamır, yolunu gözləmir, yorğun, narahat olduğunu, ruhdan düşdüyünü duymur. Budur acı tənhalıq. Məhz bu zaman qarşına İt çıxır. Heç bir sual vermir, şərt qoymur, artıq söz işlətmir. Sadəcə, arxanca gedir, döşəmədə uzanır, sənin çay içməyinə mülayim baxışlarla tamaşa edir. Sükutlar içində donub qaldığın, fikrə daldığın zaman pəncəsini ehtiyatla sənə toxundurur: “Ey, darıxma, pis şey düşünmə – mən səninləyəm”.
O, vəd etmir ki, hər şey keçib gedəcək, yaxud yaxşı olacaq. Amma çox vacib iş görür – yanında qalır. Öz iştirakı, nəfəsi, ayırdığı diqqəti ilə sanki sənin mövcud aləmlə aranızdakı sədləri yığışdırır. Elə edir ki, qəlbinin içində yenidən sadə, hərarətli hiss oyanır: “Mən tək deyiləm”.
Hər kəsin ona hər gün şad olan canlıya böyük ehtiyacı var. Başqalarının səndən yana baxdıqları, qırıq-qırıq reaksiya göstərdikləri, öz kefinə görə qiymətləndirdikləri dünyada İt yeganə canlı məxluqdur ki, qapının kandarında peyda olan görkəminə səmimi sevinir. Qeyd-şərtsiz. Dünənki qalmaqaldan, hazırkı yorğunluğundan, hirsli, acıqlı halından, yaxud onun sevincini cavabsız qoymağından asılı olmayaraq istisnasız hər gün İt səni elə qarşılayır, sanki onun həyatının ən mühüm hadisəsisən. Hər an az qala qopub kənara atılacaq şən, qıvraq quyruq, sevincdən parlaq işıq saçan gözlər, xırda sıçrayışlarla yeriş, qarşında dayanmadan dövrəvi hərəkətlər... Onun bədəninin tükənməz enerjisi bir şeydən xəbər verir: sən qayıtmısan və artıq hər şey yaxşıdır. Bu, nümayişkaranə şadyanalıq, adətkərlik deyil. Bu – səmimi, əsl, dərin sevincdir. Belə hissdə heç bir saxtakarlıq yoxdur. Hətta bütün gün sənin üçün ağır keçib, dağıdıcı olubsa da, İt sənə göstərir ki, əvvəlkitək kiməsə sonsuz dərəcədə lazımsan.
Öz hərəkətləri ilə İt sənə də necə sevməyi öyrədir. Şərt qoymadan sevməyi. İtlər heç vaxt soruşmurlar harada işləyirsən, vəzifən nədir, nə qədər pul qazanırsan. Onları sənin keçmişin maraqlandırmır.
Maraqlandırmır ki, səhər işə gecikmisənmi, axşam evə qayıdanda onun üçün yem almısanmı. O, səni nələrə görə isə deyil, bircə şeyə görə sevir: çünki sən varsan. Bu məhəbbətdə alver, sövdələşmə, inciklik, fasilə yoxdur. Heç özün də bunu hiss etmədən dəyişirsən. Daha gözləmirsən ki, səni yarı sözdən başa düşsünlər. Çünki İt səni sözsüz anlayır. İndi hər hansı qeyri-kamilliyə də qəzəblənmirsən. Hər şeyi olduğu kimi qəbul etməyi öyrənirsən. Elə-belə, səbəbsiz qayğı çəkməyə alışırsan. Təşəkkür xatirinə deyil, vəzifə borcu hissindən yox. Ona görə ki, yanındakı canlı Can səndən tamamilə asılıdır və səni heç kəsin bacarmadığı kimi sevir.
İt dərs keçir. Hər gün əsl sevginin nə olduğunu nümayiş etdirir. Əsl – yəni şərt qoymadan, mənfəət güdmədən, aldanmaq və ya rədd olunmaq qorxusu keçirmədən. Bu nəcib məxluq səni sevincində, qəm-qüssə, susqunluq içində də sevir, sən həyatdan cana gələndə də...
A.ƏZİZ