Kommunizm qurucusu - NAQİS ƏXLAQ
Dəniz atcığı bəlkə də bütün cəhətlərinə görə digər dəniz canlılarından fərqlənir. Zahirən şahmat oyunundakı at fiqurunu xatırladır.
Həyat tərzinə görə – rus qadınlarını. Əlbəttə, dişilər. Dişi atcıq kürüsünü erkəyin qarnına daxil edir. Erkək bu kürünü mayalandırır, üç həftədən sonra suya buraxır. Bütün bu vaxt ərzində və sonradan dişi tərəfdən xəbər-ətər olmur. O, “Çao, bambino!” deyib, yoxa çıxır...
Hansısa sovet ilində maaşlar elə də yüksək deyildi. Məsələn, 80-ci illərdə Bakıda 100-120 nəfər işçisi olan maşınqayırma zavodunun direktoru 160 rubl aylıq əməkhaqqı alırdı. Əlbəttə, rəsmi. Saxalində isə qazma ustasının maaşı 1500 rubla çatırdı. Əlavə bonuslar da olurdu.
Sərt iqlim, ağır fiziki iş, əyləncəsiz darıxdırıcı həyat... Günlərin bir günü fəhlə qəsəbəsində haradansa cavan qadın peyda olurdu. Çox yəqin ki, Sibirdən. Canlı, təravətli, tanışım demişkən, “effektli qadın”.
Usta başını itirir, lakin ağzının dadını qoruyub saxlayır. Həmin dadla evlənir. Bir qədər sonra qadın həyat şəraitinin dözülməzliyindən şikayətlənir və doğmaq üçün doğma vətəninə qayıdırdı. Oradaca azad olurdu. Ardınca məhkəmə, boşanma, aliment. 25 faiz. Bütün ödənişlərdən. Azı 450 rubl və daha artıq. Bu isə Bakıdakı rayon partiya komitəsi birinci katibinin maaşından çox idi.
Sonrası lap sadə, necə deyərlər, banaldır. Cavan qadın körpəsini öz anasına “hədiyyə” edir, ayda 150 rubl pul ödəyir. Ana dönüb olur “zavod direktoru”. Pulun qalanını gözəlçə qoyur bank hesabına. O dövrdə əmanət kassası adlanırdı. İllik gəlirlə. Özü isə yollanırdı... Haraya? Uzaq Şimala? Tapmadın – yaxın cənuba. Qara dəniz sahillərinə. Kurort iqlimi, pullu qafqazlılar... Mal (can) xarab olanadək neçə illər keçəcək, övladı da böyüyəcək. Sonra hind filmlərində olduğu kimi, iki doğma görüşəcək. Biri “Balam!” deyəcək, o bir “Ana!” söyləyəcək. Gözdən yaş damcılayacaq. Yeni kommunizm qurucusu nəsli yetişəcək.
Nəsil yetişdi. Hətta bir çox nəsil. Təkcə kommunizm yetişmədi. Kal qaldı, nakam getdi.
A.ƏZİZ