“Kurtlar Vadisi”ndə maşın nömrələrindəki “FG” hərfləri - FETÖ araşdırması BAŞLADI

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı FETÖ araşdırmasına başlanılıb.

Sep 16, 2026 - 14:45
“Kurtlar Vadisi”ndə maşın nömrələrindəki “FG” hərfləri - FETÖ araşdırması BAŞLADI

SAVASHMEDİA.az xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsdə olarkən həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində serialın bəzi bölümlərini araşdırmaq qərarına gəlib.

Araşdırmaya serialda “Kazım Kaşifoğlu” obrazının vətən xaini kimi göstərildikdən sonra öldürülməsi, həmçinin bəzi səhnələrdə avtomobil nömrələrində “FG” hərflərindən istifadə edilməsi ilə bağlı iddialar səbəb olub. Prokurorluğa daxil olan məlumat və şikayətlərin də nəzərə alındığı bildirilib.

İstintaq çərçivəsində müvafiq sahə üzrə mütəxəssislərdən ibarət ekspert heyəti yaradılıb. Ekspertlər serialın ssenarisini, dialoqlarını və bölümlərdə yer alan mümkün gizli mesajları araşdıracaqlar. Həmçinin ekran əsərində FETÖ lehinə təbliğat, örtülü mesaj, təşkilati göstəriş və ya yönləndirmə xarakterli məzmunun olub-olmadığı müəyyənləşdiriləcək. 

Ötən gün serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadə veriblər.

Qeyd edək ki, Kaşif Kozinoğlu türk hərbçisi və Milli Kəşfiyyat Təşkilatının (MİT)  Xarici Əməliyyatlar Departamentinin keçmiş rəhbəri olub. 2011-ci ildə “OdaTV işi” çərçivəsində həbs edilib və Silivri həbsxanasında saxlanılıb. K. Kozinoğlu elə həmin ilin 12 noyabrında həbsxanada vəfat edib. 

Səhhəti qəfil pisləşən Kozinoğlu üçün təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun öldürülməsi və ya zəhərlənməsi ilə bağlı iddialar səslənib. Yekun məhkəmə tibbi rəyində ölümün xroniki işemik ürək xəstəliyi ilə əlaqəli olduğu qeyd olunub. Bundan sonra cinayət işinə xitam verilib. 

Silivri Respublika Baş Prokurorluğu hazırda Kozinoğlunun ölümü ilə bağlı yenidən araşdırma aparır.

Kurtlar Vadisi ilə əlaqə

“Kurtlar Vadisi Pusu” serialında “Kazım Kaşifoğlu” adlı kəşfiyyatçı obrazı yaradılıb. Bu obrazın prototipinin Kaşif Kozinoğlu olması məsələsi uzun illərdir müzakirə edilir. Buna əsas kimi də “Kazım Kaşifoğlu” ilə Kaşif Kozinoğlunun ölümlərinin eyniliyi göstərilir. 

Belə ki, serialdakı “Kazım Kaşifoğlu” obrazı serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı seriyasında həbs olunur, hücrədə saxlanılır, döyülür və ölümlə hədələnir. Serialın bu bölümünün yayımlanmasından 2 gün sonra – 12 noyabrda Kaşif Kozinoğlu Silivri həbsxanasında vəfat edir.

Serialın 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümündə isə “Kazım Kaşifoğlu”nun ölümü ilə bağlı səhnə göstərilir. Həmin səhnədə “Kara” obrazı “Kazım Kaşifoğlu”nun damarına şprislə hava yeridərək onu öldürür. 

Banu