“Navalnını zəhərləyib öldürüblər” – Yuliya Navalnaya sübutu təqdim etdi
Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya Kremli ərini öldürməkdə ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Navalnaya öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hələ 2024-cü ilin fevralında Navalnı öldükdən sonra məsləkdaşları onun bioloji materiallarından nümunələri əldə edib xaricə etibarlı şəkildə ötürməyə nail olublar. İki xarici laboratoriya ərinin bioloji nümunələrində zəhərlənmə izləri aşkarlayıb və bu, ərinin öldürüldüyünü göstərə bilər.
“Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə sınaqdan keçirib. Bu iki fərqli ölkənin laboratoriyaları Alekseyin öldürüldüyü qənaətinə gəliblər. Konkret olaraq, zəhərlənib”, - deyə Yuliya Navalnaya bildirib.
Yuliya xatırladıb ki, Aleksey Navalnı həbsxanada son dərəcə məhdud tibbi yardım alıb: şiddətli bel və ayaq ağrılarına baxmayaraq, ona yalnız ibuprofen verilib, nevropatoloqun müayinəsi və tam müalicə praktiki olaraq mümkün olmayıb.
Yuliya xatırladıb ki, əri 2024-cü il fevralın 16-da Arktika Dairəsinin üstündəki Xarp cəza koloniyasına köçürüldükdən sonra ayağındakı şiddətli ağrılardan şikayətlənib, onda qıcolma və qusma halları başlayıb. Onun bu vəziyyətinə baxmayaraq, həbsxana işçiləri tibbi yardıma müraciət etməyi gecikdiriblər. O, kamerada tək buraxılıb, sonra həkimlər onun vəziyyətinin ağır olduğunu müəyyən edib və yalnız 40 dəqiqədən sonra təcili yardım çağırıblar.
Saat 14:23-də reanimasiya tədbirləri dayandırılıb. Təcili yardım belə ilkin diaqnoz qoyub: qıcolma sindromu və qəfil ölüm sindromu. Şahidlər müxalifət liderinin qıcolmalar və şiddətli fiziki ağrılar keçirdiyini qeyd ediblər, bu isə zəhərlənməni göstərə bilər.
Navalnının dul arvadı onu da bildirib ki, ərinin həbsxana koloniyasında bütün günləri əvvəllər qeydə alınsa da, onun ömrünün son gününün heç bir video kameradan görüntüləri yoxdur.
O, Rusiya prezidenti Vladimir Putini ərini öldürməkdə, Rusiya kəşfiyyat xidmətlərini isə “qadağan olunmuş kimyəvi və bioloji silahlar” hazırlamaqda ittiham edib.
Yuliya diqqətə çatdırıb ki, bu məlumatı əldə etdikdən sonra nə edəcəyini bilmir, çünki ərinin öldürülməsinə dair sübutlar Rusiyadadır: “Rusiya vətəndaşı öldürülüb. Rusiya ərazisində öldürülüb. Bütün sübutlar bazası da oradadır. Qərb ölkələrinin cinayət işinin başlanması və aparılması üçün heç bir hüquqi əsası yoxdur”.
Bununla belə, dul xanımın fikrincə, hamı həqiqəti bilməyə layiqdir. “Mən ərim Aleksey Navalnının konkret nədən zəhərlənməsi ilə bağlı araşdırmanın nəticələrinin açıqlanmasını tələb edirəm. Mən bunu özüm üçün, uşaqlarımız üçün, Alekseyin valideynləri üçün, Rusiyadakı tərəfdarlarımız üçün və dünyada azadlıq və ədalət uğrunda mübarizə aparan bütün insanlar üçün tələb edirəm”.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsindəki cəzaçəkmə müəssisəsində vəfat edib. İstintaq Komitəsinin onun ailəsinə təqdim etdiyi sənədlərdə müxalifətçinin ölümünün “bir neçə xəstəliyin nəticəsi” olduğu yazılıb. Sənəddə ölüm səbəbi kimi hipertaniya böhranın səbəb olduğu aritmiya göstərilirdi.
Sonradan “The Insider” bu sənədin tam versiyasını dərc etdi. Orada Navalnının ölümündən əvvəl huşunu itirdiyi və qusduğu qeyd edilirdi. Nəşrə açıqlamalarında həkimlər bu əlamətlərin zəhərlənməyə aid olduğunu bildirirdilər.
Xatirə SADİQ