“Putin həmin faydalı qazıntıları havayı əldə edir” - Zelenski

“Ukrayna öz ərazisindəki qiymətli faydalı qazıntıların hasilatına çıxışa dair ABŞ ilə sövdələşmənin müxtəlif variantlarını müzakirə etməyə hazırdır”.

Feb 12, 2025 - 17:23
“Putin həmin faydalı qazıntıları havayı əldə edir” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Guardian” nəşrinə müsahibəsində deyib. 

Mümkün razılaşmanı necə nəzərdə tutduğu ilə bağlı suala cavab verərkən Zelenski qeyd edib ki, ölkəsi tərəfdaşlarına münasibətdə bu məsələdə çox çevik davranır. “Hesab edirəm ki, bu, hər iki tərəf üçün qarşılıqlı faydalı olmalıdır. İndi baş verənlər bizim üçün sərfəli deyil. Putin bizim ərazilərimizi zəbt edir və sadəcə olaraq, qiymətli mineralları pulsuz əldə edir”, - deyə Zelenski cavab verib.

O, xatırladıb ki, artıq bir çox belə ərazilər və Qara dəniz şelfləri işğal olunub.

Zelenskinin fikrincə, bu, Ukraynanın özünü müdafiə etməsinə yardım edən müttəfiqlərinə təklif edə biləcəyi konkret pullardır.

“Biz tərəfdaşlarımıza, ilk növbədə, Amerika biznesinə onlara sərmayə qoymaq imkanı verə bilərik. Biz birlikdə hasil edə, təkmilləşdirə və emal edə bilərik. Bunlar iş yerləridir, bunlar Amerika şirkətləri, amerikalılar, ukraynalılar və avropalılar üçün gəlirlərdir. Biz çox açıqıq. Amma bu barədə konkret danışmaq lazımdır”, - deyə Ukrayna lideri əlavə edib.

Zelenski nəzərə matdırıb ki, söhbət potensial olaraq hasil oluna biləcək çox ciddi həcmdə resurslardan gedir.

“Uran və ya titan haqqında dediyim kimi, biz azı Avropada ən iriyik... Mənə elə gəlir ki, bunun ruslara və digərlərinə pulsuz çatmaması, eləcə də rusların onu verə biləcəyi başqalarına – İrana, Şimali Koreyaya – borclarına görə, hansısa dəstək üçün verilməməsi üçün bunu müdafiə etmək çox vacibdir. Və Çinə də... Mənə elə gəlir ki, bu, Birləşmiş Ştatların maraqlarında deyil. ABŞ-nin marağındadır ki, ədalətli olması üçün buna Ukrayna nəzarət etsin və Qərb dünyasının, normal sivil tərəfdaşların çıxışı olsun”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, Donald Tramp bildirib ki, Ukrayna hərbi yardım müqabilində öz ərazisində təxminən 500 milyard dollar dəyərində qiymətli faydalı qazıntıların hasilatına ABŞ-nin çıxışını təmin etməyə prinsiopcə razılaşıb. 

KİV-in məlumatına görə, ABŞ maliyyə nazirinin Ukraynaya gözlənilən səfəri məhz bu məsələ ilə bağlı olacaq.

Xatirə SADİQ