Rusiyaya təzyiq göstərəcək işçi qrup bağlandı – Vaşinqtonda

Tramp administrasiyası Ukrayna ilə sülh danışıqlarını sürətləndirmək məqsədilə Rusiyaya təzyiq göstərmək üçün strategiyalar hazırlamalı olan qurumlararası işçi qrupunu bağlayıb. 

Jun 17, 2025 - 16:39
Rusiyaya təzyiq göstərəcək işçi qrup bağlandı – Vaşinqtonda

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Üç amerikalı məmurun sözlərinə görə, işçi qrup yazda yaradılsa da, may ayında sürətini itirməyə başlayıb. Çünki qrupun üzvləri Trampın Moskvaya qarşı daha sərt mövqe tutmaqda maraqlı olmadığını başa düşüblər. 

“Reuters” diqqətə çatdırıb ki, seçkiqabağı kampaniya dövründə və prezidentliyinin “ilk günündə” Ukraynadakı müharibəyə son qoyacağına dair söz verməsinə baxmayaraq, Tramp nəticələrin olmamasından getdikcə daha çox məyus olub və ABŞ-nin müharibənin həllində vasitəçi rolundan tamamilə imtina edə biləcəyini deməyə başlayıb.

Mənbələrin sözlərinə görə, bu səbəbdən qrupun işi öz mənasını itirib. “Sonda o dayandı, çünki prezident qrupu dəstəkləmirdi. Sanki o, daha çoxunu yox, daha azını istəyirdi”, - deyə məmurlardan biri bildirib.

Məmurlar iddia ediblər ki, qrupa son zərbə təxminən üç həftə əvvəl vurulub. Bu, Ağ Evin Milli Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin, o cümlədən Ukraynadakı müharibə ilə məşğul olan bütün komandanın “miqyaslı təmizləmə” çərçivəsində işdən çıxarıldığı zaman baş verib.

Hərçənd bir məmur qeyd edib ki, Tramp bu qrupun mövcudluğundan asılı olmayaraq istənilən vaxt Rusiyaya qarşı daha sərt mövqe tutmağa qərar verə bilər, çünki qrup yalnız prezident üçün müvafiq hərəkətlər variantları hazırlamalı idi.

Mənbələr xatırladıblar ki, işçi qrupu mart və ya apreldə, Trampın bəzi müşavirlərinin Kremlin güzəştə getmək istəyinə şübhə etməyə başladığı və Trampın ritorikası Rusiya prezidenti Vladimir Putinə qarşı sərtliyə doğru dəyişməyə başlayanda yaradılıb.

İşçi qrup Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli məmurları tərəfindən yaradılıb və koordinasiya edilib. Lakin onun tərkibinə Dövlət Departamenti, Xəzinədarlıq, Pentaqon və kəşfiyyat agentliklərinin nümayəndələri də daxil edilib. Üzvlər arasında may ayında vəzifəsindən uzaqlaşdırılan Şuranın Avropa və Rusiya üzrə baş məsləhətçisi Endryu Pik də olub. 

Qrupun işi çərçivəsində onlar ABŞ-nin keçmiş sovet respublikalarını, eləcə də Şərqi Avropa və Asiya ölkələrini Rusiyaya və Rusiyadan gələn mal və enerji resurslarının tədarükünü məhdudlaşdırmağa necə təşviq edə və ya onlara təzyiq göstərə biləcəyini müzakirə ediblər.

Bu qrupun yaradılması və ya dağılmasından Trampın özünün xəbəri olub-olmadığı məlum deyil.

Məmurlar qrupun işinin təfərrüatlarını müzakirə etməkdən imtina ediblər və bunu onun həssas xarakteri ilə izah ediblər. Lakin təsdiqləyiblər ki, qrup bağlanarkən “beyin fırtınası” mərhələsində olub və onun işi ABŞ Senatındakı sanksiyalar paketi ilə əlaqədar olmayıb. 

Xatirə SADİQ