Separatçı “polkovnik"in meyiti Ermənistan konsulluğunda tapıldı
Rosreestr idarəsinin Leninqrad vilayəti üzrə keçmiş rəis müavini, 43 yaşlı Boris Avakyanın meyiti Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Shot və “RİA Novosti” məlumat yayıb.
Shot-un xəbərinə görə Ermənistan vətəndaşı Avakyan konsulluğun tualetində huşsuz vəziyyətdə tapılıb, bundan sonra hadisə yerinə “təcili yardım” çağırılıb. Lakin hadisə yerinə gələn tibb işçiləri keçmiş məmurun öldüyünü təsdiqləyiblər.
“RİA Novosti” yazır ki, ilkin məlumatlara görə, Avakyan intihar edib.
REN TV isə xəbər verib ki, tualetin içərisindən Avakyanın qanlar içində olan cəsədi və bıçaq tapılıb. Tualet içəridən bağlı olub. “Hadisə yerinə baxış keçiriləcək, baş verən fakt üzrə ilkin araşdırma aparılır”, - İstintaq Komitəsindən bildirilib.
Məlum olub ki, Avakyan sentyabrın 23-də siqaret çəkmək bəhanəsi ilə Sankt-Peterburqdakı Kronştadt Məhkəməsinin binasından qaçıb və Ermənistan konsulluğunda gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları konsulluğa içəri girə bilməyiblər.
Avakyan ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrükdən yayınma ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərdən biri olub. Bu işdə onunla yanaşı, Moyka sahilindəki “Cartier” butikinin keçmiş sahibi, biznesmen Dmitri Zarubin və daha 18 şəxs də ittiham olunur.
“Kommersant” nəşrinin xəbərinə görə, Avakyan avqust ayında Rusiya Müdafiə Nazirliyi ilə Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalayıb və bu, ona qarşı cinayət işinin dayandırılmasına imkan yaradıb. Lakin sonradan müqaviləyə xitam verildiyi üçün prosesin bərpası haqqında vəsatət məhkəməyə daxil olub
Ermənistanda onu dövlət sərhədini qanunsuz keçməyə və cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqalizasiyasına görə axtarıblar. Federal axtarışda olan Avakyan sentyabrın 17-də yaxalanıb.
Bundan öncə isə Avakyan 2021-ci ildə Sankt-Peterburqun “Pryanosti i Radosti” restoranıında həbs edilibmiş. O, qaçaqmalçılığa nəzarət edən Federal Təhlükəsizlik Xidmətinin (FSB) İqtisadi Təhlükəsizlik Xidmətinin (SEB) “gömrük” şöbəsinin keçmiş rəisi ilə görüşdə imiş. Güc qüvvələri o zaman bildiriblər ki, o, ucuz tikinti materialları adı altında Rusiyaya qaçaqmalçılıq yolu ilə avadanlıq keçirən cinayətkar qrupun təşkilatçısı olub.
Rusiya mediası xatırladıb ki, 2016-cı ildə Avakyan ev dustaqlığından qaçıb, sonra Ermənistana gedib. “Kommersant”ın yazdığına görə, o, Ermənistanda siyasətlə məşğul olmağa başlayıb və Nikol Paşinyan tərəfində “məxməri inqilab”da iştirak edib.
“Fontanka” nəşri əlavə edir ki, Avakyan vətənə qayıtmaqdan əvvəl Parisə qaçıbmış. Nəşr onu timsah dərisindən hazırlanmış gödəkçələr geyinən, bahalı avtomobillər sürən “bahalı həyat sevdalısı” kimi də xarakterizə edib.
“Dağlıq Qarabağda son eskalasiya zamanı o, tanınmamış respublikanın ordusunun polkovniki rütbəsində ictimaiyyət qarşısına çıxıb”, - deyə “Fontanka” xatırladıb.
Açıq mənbələrə görə, 2009-cu ildə Avakyan “Port of Sankt Peterburq” limanının gömrük brokerinin həmtəsisçisi olub və orada baş direktor vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Federal Əmlakın İdarə Edilməsi Agentliyinin (“Rosimuşestvo”) Leninqrad vilayətindəki ərazi idarəsinin direktor müavini vəzifəsində, növbəti iki il ərzində Avakyan Sankt-Peterburqda (“Rosreestr”in bölməsi) Dövlət Torpaq Nəzarəti Xidmətində baş müfəttişin müavini vəzifəsində işləyib.
“RİA Novosti”nin məlumatına görə, onun son vəzifəsi Leninqrad vilayəti üzrə Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətdə olub.
Xatirə SADİQ