Səs-küylü sayğaclar, yarıtmaz "qaynar xətt" və müəmmalı borc - “Azərişıq” məhkəməlik olur

Fərid Rüstəmov adlı abonent “Azərişıq” ASC-dən şikayət edib.

Jun 22, 2026 - 18:28
Jun 22, 2026 - 18:32
Səs-küylü sayğaclar, yarıtmaz "qaynar xətt" və müəmmalı borc - “Azərişıq” məhkəməlik olur

SAVASHMEDİA.az xəbər verir ki, abonent şikayətini bir neçə əsasla izah edib.

F.Rüstəmov qeyd edib ki, “Azərişıq” ASC-nin quraşdırdığı "sms sayğaclar"dan narazıdır. Çünki bu sayğaclarda onlayn balansı öyrənə bilmir, yükləmək istədiyi balans isə yüklənmir. Yaşlı nəsil üçün isə bu hallar, ümumiyyətlə, problem yaradır:

“Birincisi, onlayn balansı öyrənmək mümkün deyil. Mütləq blokda, ya başqa harada quraşdırılıbsa, sipəri açıb, düyməni basıb, baxmalısan ki, hazırki balansı biləsən. Elektrik deyiləm ki, həmin kabellərlə dolu sipəri hər dəfə açıb-bağlayım. Rəqəmsallaşma dövründən xəbərləri yoxdur. Gün/həftə/ay ərzində nə qədər istifadə edirəm, balansımdan oğurlanmırsa, nəzarət etmək mümkün deyil. Yaşlı nəsil nə etsin? 75 yaşlı qadın qonşuma təklif etdiyiniz servis budur?

İkincisi, yüklənilən məbləğ əksər hallarda balansa oturmur. Səbəb kimi, "sms sayğacda olan sim-karta siqnal çatmadı" deyilir. Çatdı, ya çatmadı, maraqlı deyil. Çatmadısa, həllini tapın, işinizdir, mən məşğul olmalı deyiləm. Problem tək mənlə bağlı deyil deyə, yenə həmin qonşunu misal gətirəcəyəm. İşıqları kəsilib, yaşlı qadındır, "axı bu yaxınlarda 50 manat yükləmişəm" deyir. Problemi bilirəm deyə zəng edib xəbər verirəm ki, pul yenə yüklənməyib. Ondan sonra yüklənildi və işıq bərpa olundu. Allah bilir, neçə dəfə belə ödəmələri qəbul etmisiniz, amma balansa pulu otuzdurmamısınız.

Ödənişi edəndə gərək əvvəl balansa baxasan (sipəri aç-bağla), ödənişdən sonra da yenə həmin aç-bağla proseduru etməlisən ki, biləsən, balansa pul oturdu, ya yox. Xaricdə yaşayıramsa, bunu necə etməliyəm?”.

F.Rüstəmov balansda pul olmayanda və ya azalanda bu sayğacların səs-küy salmasından da narazılığını dilə gətirib:

“Qaynar xəttə zəng edəndə, deyirlər ki, bu, məlumatlandırıcı siqnaldır. Kimə? Bütün blok bu səsi niyə eşitməlidir? Kimsə pul ödəməyibsə, evdə yaşamırsa, niyə bütün qonşular bundan xəbərdar olmalı və siqnalı eşitməlidir? Qonşuların telefon nömrələrini verim, hamıya bir-bir zəng edib deyin ki, bu adamın balansı azalır.

Bağlarda, ya həyət evlərində sayğac evdən uzaq olduqda qəbul ediləndir, ancaq ümumi yaşayış binalarında nəyə lazımdır? Pulu ödəməyim, bir illik gedim xaricə, bir il ərzində bütün qonşular bu siqnalı 24 saat eşitməlidir? Şirkətinizdə düşünən insan tapılmayıb ki, başa düşsün ki, bunu etmək olmaz?

Bir qonşu evinə ildə bir dəfə gəlir, bu siqnal başqa qonşuların baş-beyini aparıb, səsi də zəif deyil. Qaynar xətdən dedilər ki, söndürmək mümkün deyil. Amma yalan deyirdilər, onlara dəfələrdə zəng edib, elektron məktub yazdıqdan sonra söndürdülər”.

Abonent balansa yükləniləndən fərqli məbləğin oturmasından da şikayətçidir:

“20 manat yükləmişəm, 10 manat oturub. Niyə? Qaynar xəttin cavabı: “Çünki borcunuz var idi, hələ 10 manat da qalıb”.

Sual verirəm ki, borc necə yarana bilər? Balansa nə yükləyirəmsə, onu işlədirəm.

Cavabları belə oldu: “Deyə bilmərik, gərək sms şöbəsinə gələsiniz, onların telefon nömrələri yoxdur”. Mən niyə harasa getməliyəm? Xidməti sizdən alıram, pulu sizə ödəyirəm, maaş alırsınız, yeni qanunla hər ay əlavə pul almağa da başlamısınız, indi də naməlum səbəbə görə pulu silirsiniz və mən yanınıza gəlməliyəm? Yenə absurd cavablar.

Qonşuların bəzilərinə 5 manat, bəzilərinə 30 manat borc yazıblar. Ora getdikdə isə deyirlər ki, bu işığın itirilməsindən yaranan borcdur. Bu da heç kimi maraqlandırmalı deyil, bu yalnız və yalnız sizin düzgün aparılmayan işlərinizdən irəli gəlir. 

F.Rüstəmov “Azərişıq” ASC-nin qaynar xəttinin də fəaliyyətini sərt tənqid edib və qurumun rəhbərliyinə sual ünvanlayıb:

"Qaynar xəttə" nə vaxt zəng edirəmsə, 25-30 dəqiqə xətdə gözləməli oluram. Belə "qaynar xətt" olar? Adam azdırsa, əlavə adam götürün. Ya bunu bilərək edirsiniz?

Qurumu idarə edən şəxslər, özünüz nə vaxtsa dediyiniz "qaynar xəttə" zəng etmisiniz? Aydındır ki, yox. Şəxsi probleminiz çıxanda, həll olunmasına görə ora deyil, yaxşı bilirsiniz hara zəng etmək lazımdır, bu tip "qaynar xətlər" hörmət etmədiyiniz, amma pulunu almaqda problem görmədiyiniz insanlar üçündür”.

Şikayətçi sonda “Azərişıq” ASC ilə bağlı özü kimi problem yaşayan insanları qurum barədə tədbir görməyə çağırıb:

“Təklif edirəm ki, onları məhkəməyə verək”.

Banu