"Tanışlıqla iş görəndə belə olar..." - Ölkə prezidenti millini yerin dibinə soxdu
2026-cı il Dünya Çempionatında mübarizəni dayandıran Cənubi Koreya millisinin uğursuzluğu ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub.
SAVASHMEDIA.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myon milli komandanın çıxışını "anlaşılmaz və qəbuledilməz" adlandıraraq uğursuzluğun əsas səbəbini yanlış idarəçilik və kadr siyasəti ilə əlaqələndirib.
Prezident sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, bacarıq əvəzinə şəxsi münasibətlərin üstün tutulduğu təyinatların nəticəsi qaçılmaz olur.
"Bu gözlənilməz nəticə məni sadəcə təəccübləndirmədi, tamamilə heyrətə saldı. Bir daha sübut olundu ki, düzgün kadr seçimi hər şey deməkdir. Səriştə əvəzinə şəxsi yaxınlıq və tanışlıq üstün tutulanda nəticə belə olar", - o vurğulayıb.
Prezident həmçinin Dünya Çempionatına hazırlıq prosesində dövlət vəsaitinin xərcləndiyini xatırladaraq, müvafiq qurumlara bütün təfərrüatları araşdırmaq barədə göstəriş verib.
Qalmaqal bununla da bitməyib. Millinin baş məşqçisi Hon Myon Bo uğursuz çıxışa görə məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb. Təcrübəli mütəxəssis azarkeşlərdən üzr istəyərək ölkənin gözləntilərini doğrulda bilmədiyini etiraf edib.
Xatırladaq ki, Cənubi Koreya turnirə Çexiya üzərində qələbə ilə başlasa da, daha sonra Meksika və Cənubi Afrika millilərinə məğlub olaraq qrupu üçüncü pillədə başa vurub. Komanda ən yaxşı üçüncü yerlər sırasına düşə bilmədiyi üçün 1/16 finala yüksəlmək şansını itirib.
Oğuz