Tramp arvadı ilə bağlı zarafata qəzəbləndi - “Dərhal işdən çıxarılsın”

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melania Tramp barədə zarafat edən teleaparıcı Cimmi Kimmelin işdən çıxarılmasını tələb edib.

Apr 28, 2026 - 12:10
Tramp arvadı ilə bağlı zarafata qəzəbləndi - “Dərhal işdən çıxarılsın”

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri bunu “Truth Social” sosial şəbəkəsində yazıb.

D.Tramp jurnalistin zarafatına sərt reaksiya verərək onun bütün hədləri aşdığını bildirib:

“Başqa vaxt insanlar Kimmelin dediklərinə reaksiya verməzdi, amma bu, artıq qəbul edilə bilməz. Onun bu iyrənc zorakılıq çağırışına görə çoxlarının qəzəbləndiyini anlayıram. Cimmi Kimmel dərhal Disney və ABC-dən işdən çıxarılmalıdır”.

Melania Tramp da Kimmelin fikirlərinin nifrət dolu və zorakı xarakterli olduğunu deyib. Birinci xanım qəbuledilməz davranışına görə C.Kimmelin çalışdığı ABC telekanalını aparıcıya qarşı tədbir görməyə çağırıb.

Cimmi Kimmel

Xatırladaq ki, Cimmi Kimmel Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda baş verən silahlı insidentdən bir neçə gün öncə Melania Trampdan bəhs edib. O, Melanianın həyat yoldaşı Donald Trampın ölümünü gözlədiyini bildirib:

“Melania çox gözəldir... Onda ərinin ölümünü gözləyən dul qadın parıltısı var”.

Kimmel Tramp cütlüyünün münasibətlərinə də lağ edib və Melanianın doğum gününü (26 aprel) necə keçirəcəyinə dair fikir səsləndirib:

“Həmişəki kimi evdə olacaq, pəncərədən baxıb “mən nə etdim?” deyəcək”.

Vəsilə İBRAHİM