Trampa məhəl qoymayan tək kanadalı - İstədiyi vaxt sərhədi keçir + VİDEO
Kanadalı pişik ABŞ sərhədini keçərək beynəlxalq qaydaları pozub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Surrey şəhərinin sakini olan Lui adlı pişik ABŞ ilə Kanadanı ayıran xəndəyi tullanaraq davamlı ABŞ ərazisinə keçir.
Lui ABŞ-dən Kanadaya öz istədiyi vaxt qayıdır. Lakin sahibi Luini bəzən sevdiyi yeməyin paketinin xışıltısı ilə qaytarmağa müvəffəq olur.
Luinin sahibi Deb Teyt bildirib ki, o, geri qayıdarkən ABŞ tərəfindən gətirdiyi siçan və ilanları evlərin kandarına qoyur:
“Lui, yəqin ki, bunları gömrükdə bəyan etmir”.
Sakinlər Luinin hər gün təkrarlanan bu hərəkətinə artıq öyrəşdiklərini və onu çox sevdiklərini qeyd ediblər:
“O, çox mehriban pişikdir, davamlı olaraq gedib-gəlir və hər kəslə salamlaşır”.
Bəzi sakinlərə görə isə Lui çox cəsarətlidir, çünki qadağalara tabe olmur.
Qeyd edək ki, Kanadanın müstəqillik günü anadan olan Luinin iyulun 1-də 6 yaşı olacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Kanada sərhədi ilə bağlı narahatlığını dilə gətirmişdi. ABŞ lideri bildirmişdi ki, Kanada sərhədindən qeyri-qanuni keçidlər və narkotik axını çoxdur. Tramp tariflərin qaldırılmasını da bununla əlaqələndirmişdi.
Banu