Türkiyə və israil nümayəndələri Azərbaycanda görüşüblər - “Reuters”

Türkiyə və İsrail nümayəndələri çərşənbə günü Azərbaycanda ilk “texniki” görüşü keçiriblər.

Apr 10, 2025 - 15:45
Türkiyə və israil nümayəndələri Azərbaycanda görüşüblər - “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters”ə istinadən “Azadlıq Radiosu” məlumat yayıb. 

Agentlik qeyd edib ki, görüş Suriyada “arzuolunmaz” insidentlərin qarşısını almaq məqsədilə gərginliyin azaldılması mexanizminin yaradılmasını müzakirə etməkdən ötrü baş tutub.

“Reuters” mənbələri bildiriblər ki, danışıqlar hər iki ölkənin Suriyadakı əməliyyatları zamanı Türkiyə və İsrail arasında mümkün toqquşmaların qarşısını almağa kömək edəcək bir kanalın yaradılması üçün başlanğıc nöqtəsi olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin və İsrailin Suriyada gərginliyi azaltmaq məqsədi ilə danışıqlar apardığını təsdiqləyib. 

Lakin nazir vurğulayıb ki, bu, İsrailin Qəzzada hərbi əməliyyatı fonunda pisləşən Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan addım deyil. 

Xatirə SADİQ