Xərçəng xəstəliyini aşkar etmək asanlaşır - Yeni test hazırlandı

Kanadadakı Vaterloo Universitetinin (UWaterloo) tədqiqatçıları qan xərçənginin bir növü olan mielomanın diaqnostikası və izlənməsi üçün yeni analiz üsulu hazırlayıblar. 

Apr 27, 2026 - 17:47
Apr 27, 2026 - 17:49
Xərçəng xəstəliyini aşkar etmək asanlaşır - Yeni test hazırlandı

SAVASHMEDİA.az xəbər verir ki, alimlərin təqdim etdiyi metoda əsasən, cəmi bir damcı biomaterial vasitəsilə xəstəliyin aşkarlanması mümkündür.

Araşdırmaya görə, yeni yanaşma M-zülal adlanan biomarkerin qanda müəyyən edilməsinə əsaslanır. Bu məqsədlə hazırlanmış “EasyM” testi qan nümunəsində həmin zülalın həm mövcudluğunu, həm də konsentrasiyasını dəqiq ölçməyə imkan verir. Tədqiqatın nəticələri universitetin rəsmi saytında dərc olunub.

Mieloma sümük iliyini zədələyən ağır onkoloji xəstəlikdir. Hazırda diaqnozun təsdiqi və müalicənin gedişinin izlənməsi üçün pasiyentlərə mütəmadi olaraq sümük iliyi biopsiyası aparılır. Bu prosedur iynə ilə sümük toxumasından nümunə götürülməsini tələb edir. Həm ağrılı, həm də riskli hesab olunur (xüsusilə yaşlı xəstələr üçün).

Yeni metod isə bu invaziv prosedura alternativ kimi təqdim edilir. Texnologiyanın əsasını de novo sekvensləmə (ardıcıllığın müəyyən edilməsi) metodu təşkil edir. Bu analiz üsulu eksperimental zülalın amin turşusu ardıcıllığını bərpa etməyə imkan verir. Alimlər bildirirlər ki, hər bir pasiyentdə M-zülalın strukturu fərqli olduğundan, bu yanaşma xəstəliyin fərdi marker kimi dəqiq izlənməsini təmin edir.
Bundan əlavə, M-zülalın bütün orqanizm üzrə qanda dövr etməsi analizin üstünlüklərindən biri kimi qeyd olunur. Belə ki, biopsiyadan fərqli olaraq, nəticə konkret sümük iliyi sahəsindən asılı olmur və daha obyektiv qiymətləndirmə imkanı yaradır.

Tədqiqatçılar bildirirlər ki, bu analiz ənənəvi üsullarla müqayisədə xəstəliyin təkrarlanmasını daha erkən — klinik təsdiqdən aylar əvvəl aşkar edə bilər. Bu isə həm metodun yüksək həssaslığı, həm də testin daha tez-tez tətbiq edilə bilməsi ilə izah olunur.

Qeyd edək ki, yeni üsulun Kanadanın Ontario əyalətində klinik istifadəsinə icazə verilib. Bununla belə, alimlər metodun genişmiqyaslı klinik şəraitdə effektivliyinin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Duru