Yunanıstan Türkiyəni dəniz müharibəsinə çəkir - Egey “Yunan gölü”nə çevrilir?

Yunanıstanın xarici işlər naziri Qiorqios Qerapetritis Türkiyəni hədələyib.

Sep 9, 2026 - 16:55
Sep 9, 2026 - 20:24
Yunanıstan Türkiyəni dəniz müharibəsinə çəkir - Egey “Yunan gölü”nə çevrilir?

SAVASHMEDİA.az xəbər verir ki, nazir SKAİ teleleviziyasına verdiyi müsahibədə Türkiyəyə meydanda cavab verməyə hazır olduqlarını bildirib.

“Düşüncəmiz odur ki, Türkiyədən bizə qarşı bir təhlükə yoxdur. Lakin hər zaman ayıq-sayığıq. Türkiyə ilə yaranacaq hər gərginlik üçün bir ssenarimiz var. Yunanıstan hökuməti heç nədən qorxmur. Açığı, bizim yarana biləcək hər vəziyyətə qarşı əməliyyat hazırlığımız var və hər şeyi planlamışıq” – Qerapetritis qeyd edib.

Yunan nazir Türkiyə ilə gərginlik yaradan ərazi sularının genişləndirilməsi məsələsinə də toxunub. O bildirib ki, məsələ Yunanıstanın suverenliyidirsə, müzakirəyə belə ehtiyac yoxdur:

“Bu, bizim Beynəlxalq Dəniz Hüquqularına əsasən birtərəfli hüququmuzdur. Yunanıstan bu hüququndan keçməyib. Biz Yunan adaları ətrafındakı ərazi sularımızı 12 milə qədər genişləndirəcəyik. Buna görə də, lazım gələrsə, Türkiyəyə meydanda cavab verəcəyik”.

Egey dənizindəki gərginliyin səbəbi nədir?

Qeyd edək ki, Yunanıstanın ərazi sularını genişlətmək istəyi onilliklərdir Türkiyə ilə münasibətlərdə gərginliklər yaradır. Hazırda həm Türkiyənin, həm də Yunanıstanın Egey dənizindəki ərazi sularının eni 6 dəniz milidir. Buna əsasən, Egey dənizinin təxminən 43%-i Yunanıstanın (Yunanıstanın adaları çox olduğu üçün faiz çoxdur –red) , 7.5%-i Türkiyənin ərazi suları sayılır, qalan təxminən 49%-i isə beynəlxalq (açıq) sulardır. Yunanıstan BMT-nin Dəniz Hüququ Konvensiyasını (UNCLOS) əsas gətirərək Egey dənizində ərazi sularını 12 milə qədər genişləndirmək hüququna malik olduğunu bildirir.
 
Türkiyə niyə narazıdır?

Yunanıstan Egey dənizindəki ərazi sularını 12 milə qədər genişləndirərsə, onun həmin dənizdəki payı 43%-dən 71,5 %-ə qalxacaq. Nəticədə, Egey dənizi "Yunan gölü"nə çevriləcək.  Bu hal Türkiyə üçün naviqasiya və keçid blokadası deməkdir. Yəni Türkiyənin İstanbul və ya İzmir kimi mühüm limanlarından çıxan hərbi və ticarət gəmiləri açıq dənizə çıxa bilmək üçün tamamilə Yunanıstanın ərazi sularından keçmək məcburiyyətində qalacaq. Xüsusilə hərbi gəmilər və sualtı qayıqlar üçün sərbəst hərəkət hüququ ciddi şəkildə məhdudlaşacaq.

Egey dənizinin “Yunan gölü”nə çevrilməsi Türkiyə üçün həm də iqtisadi və hərbi itki deməkdir. Çünki bu durumda Türkiyə Egey dənizində hərbi təlimlər keçirmək, uçuşlar etmək, balıqçılıqla məşğul olmaq və dəniz dibindəki təbii resursları (neft, qaz) kəşf etmək imkanlarından demək olar ki, tamamilə məhrum olacaq.

Türkiyənin “Casus Belli” xəbərdarlığı

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu təhlükələri nəzərə alaraq 8 iyun 1995-ci ildə qərar qəbul edib. Qərara əsasən, Yunanıstanın Egey dənizində ərazi sularını birtərəfli qaydada 6 mildən yuxarı qaldırması "Casus Belli" (müharibə səbəbi) sayılacaq.

Vəsilə İbrahim