9 nəfəri öldürən şagirdə silah təlimini polis olan atası veribmiş - Hər şeyi DANIŞDI + VİDEO
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbdə silahlı insident törədən 14 yaşlı İsa Aras Mersinlinin atası saxlanılıb.
SAVASHMEDİA.az bildirir ki, polis müfəttişi olan ata Uğur Mersinli istintaqa ifadə verib.
Uğur Mersinli oğlunun məktəbə hücum zamanı istifadə etdiyi silah və mərmilərin özünə aid olduğunu deyib:
"Oğlum İsa Arasın bu hadisədə istifadə etdiyi silah və sursat mənə məxsusdur. Adıma rəsmi qeydiyyatı olan 7 odlu silahım və 2 ov tüfəngim var. Oğlum silahlarımdan 5-ni hadisə yerinə aparıb. Onları yataq otağımda kilidlə açılan sandığın içində saxlayırdım. Daraqları isə başqa sandıqda idi. Heç vaxt eyni yerə qoymurdum. Özümlə aparacağım vaxtlarda fərqli sandıqlardan çıxarıb birləşdirirdim. Sözügedən sandıqlar avtomatik kilidlənir. İsa Aras sandıqları necə açıb bilmirəm. Çünki mən sadıqları onun yanında açdığımı xatırlamıram”.
O bildirib ki, hadisədən qısa müddət əvvəl oğluna atış təlimi verib:
“Təxminən bir ay əvvəl mənə dostlarının atış təlimi aldığını dedi və ona nə vaxt təlim verəcəyimi soruşdu. Həftənin birinci günü onu da özümlə birgə polis poliqonuna apardım. Özümə aid silahla atəş açdım və onun da bir neçə dəfə atəş açmasına icazə verdim”.
U.Mersinli ifadəsində oğlunu 2 aydır psixoloqa apardığını da qeyd edib:
“Oğlum internetdən istifadəni əla bilirdi. Özü də çox zəkalı, dərrakəli uşaq idi. İngilis dilini ana dili kimi bilirdi. Telefonunu və kompüterini ingilis dilində istifadə edirdi. İngilis dilini bilmədiyim üçün onun nə işlə məşğul olduğunu təqib edə bilmirdim. Ancaq interaktiv oyunlara marağı var idi, tez-tez adını bilmədiyim müharibə oyunları oynayırdı. Otağına girib nə etdiyini soruşanda əsəblə qısa reaksiyalar verirdi. Ondan heç vaxt ətraflı cavab ala bilmirdim.
İsa Arasın tipik yeniyetməlik və imtahan problemləri var idi. Daim stressdə idi. Onu iki ay evimizin yaxınlığında olan psixoloqa apardım. Psixoloq deyirdi ki, oğlum cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir. Vəziyyəti bir müddət izlənilməlidir, əgər düzəlməsə, psixiatrik müalicə almalıdır. Son dəfə psixoloqa 3 həftə əvvəl gedib. Ondan sonra getmədi”.
Xatırladaq ki, ötən gün Kahramanmaraşda 14 yaşlı şagird İsa Aras Mersinli təhsil aldığı “Ayser Çalık” orta məktəbində silahlı insident törədib. Silahları məktəbə bel çantasında daxil edib. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. İsa Aras Mersinli hadisəni törətdikdən sonra canına qıyıb.
Vəsilə İBRAHİM