ABŞ Rusiyada insan haqları ilə bağlı hesabatını yumşaldıb

ABŞ Dövlət Departamenti Rusiya, İsrail və Salvadorda insan haqları ilə bağlı hesabatını yumşaldıb. 

Aug 7, 2025 - 15:15
ABŞ Rusiyada insan haqları ilə bağlı hesabatını yumşaldıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. 

Nəşr qeyd edir ki, yeni hesabat ötənilki versiya ilə müqayisədə xeyli qısalıb və  yumşaldılıb. Sənəddən xüsusilə, Rusiyada LGBT-yə qarşı təqiblər hissəsi çıxarılıb. 

Rusiya Ali Məhkəməsinin daha əvvəl “beynəlxalq LGBT ictimai hərəkatını” qadağan etdiyi, ölkə daxilində reydlər və həbslərin həyata keçirildiyi barədə sənəddə bəhs edilmir.

Salvadorla bağlı bölmədə isə deyilir ki, 2024-cü ildə ciddi sui-istifadə halları ilə bağlı etibarlı hesabatlar olmayıb, halbuki, sənəddə əvvəllər qətllər, işgəncələr və  həbsxanalarda pis şəraiti qeydə alınıb. 

İsrailə dair bölmədə korrupsiya, məhkəmə müstəqilliyi və fələstinlilərə nəzarət kimi mövzulardan vaz keçilib.

Dövlət Departamenti heç bir rəsmi şərh verməyib. Departamentin əməkdaşlarından biri anonimlik şərti ilə bildirib ki, hesabatın strukturu oxunaqlılığı yaxşılaşdırmaq və təkrarçılığı aradan qaldırmaq üçün dəyişdirilib. Lakin hesabatın özü dərc olunmayıb, hərçənd sənəd fevralda Konqresə təqdim edilməli idi.

Xatirə SADİQ