Alla Puqaçova Qorbaçov cütlüyünün sirlərini açdı
Sən demə, Azərbaycan xalqının düşməni, 20 Yanvar qırğının müəllifi Mixail Qorbaçov debat aparmağı öyrənmək üçün məşhur müğənni Alla Puqaçovaya müraciət edibmiş.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Alla Puqaçova jurnalist Katerina Qordeyevaya müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu hadisə Qorbaçovun SSRİ prezidenti seçildiyi ilk günlərdə baş verib.
“Telefon zəng çaldı. Mənə dedilər ki, sizinlə Mixail Sergeyeviç Qorbaçov danışmaq istəyir. Mən də dedim ki, daha başqa nəsə uydura bilməmisiniz? Düzdür, o zaman belə fırıldaqçılar hələ yox idi. Qısası, məni Mixail Sergeyeviçlə birləşdirdilər. O, dedi: “Sizin səsinizi eşitməyə şadam. Sizinlə görüşə bilərəm? Mənim sizdən bir xahişim var. Diskussiyaların, debatların necə aparılması ilə bağlı suallarım var”, - deyə müğənni xatırladıb.
Puqaçovanın sözlərinə görə, Qorbaçov danışmağı onun müsahibələrindən öyrəndiyini deyəndə, heyrətə gəlib. “Biz görüşdük. Düzünü desəm, yalnız çərənlədik. Dedim ki, sizdə hər şey var, sadəcə açıq və dürüst olun, sualı başa düşmədinizsə, bir daha soruşun, “başa düşmürəm”, “sizinlə razı deyiləm”, “sualınızla nəyisə təklif etdiyiniz üçün çox sağ olun” deyin. İndi dövlət üçün, sizin rolunuz üçün əsas olanlar bunlardır. O, belə baxdı: “başa düşdüm”. Və ümumiyyətlə, o, gözəl insan idi”, - deyə Puqaçova vurğulayıb.
Müğənni Qorbaçovun arvadı Raisanı sıxılan, qapalı adam kimi xarakterizə edərək, onunla bağlı bir epizodu yada salıb: “Doğum günündə idik. Tədbirin sonunda stola yaxınlaşdı. Çantasını açdı, bir qədər konfet götürdü və çantasına qoydu. Və mənə baxaraq “Mixail Sergeyeviç bu konfetləri çox sevir” dedi. Çantasını bağladı. “Mişka na severe” konfeti. Bu, mənə elə təsir etdi ki, ona başqa gözlə baxmağa başladım”.
Əlbəttə, Alla Puqaçova üçün bu, təsiredici məqam ola bilər. Çünki ona SSRİ-nin xalq artısti adının verilməsi barədə əmri məhz Qorbaçov imzalayıb. Özü də, bu Qorbaçovun SSRİ prezidenti kimi son əmri olub.
Sadəcə, Alla Puqaçova bütün bunları danışarkən ağlına belə gətirmir ki, əslində Qorbaçov cütlüyünü ifşa edir. Görün, sovet imperiyasına kim başçılıq edirmiş?! Prezident olan şəxs özünü debatda necə aparmağı bilmirmiş və imicmeykerliyə görə estrada müğənnisinə müraciət edib!!!
Raisa Qorbaçova isə o qədər acgöz imiş ki, hətta insanların arasında konfetləri çantasına qoymaqdan utanmayıb. Əslində təəccüblü deyil. Məhz bu acgöz, həris qadın erməni lobbisindən aldığı hədiyyələr hesabına səriştəsiz ərinin vasitəsilə bizim Qarabağımızı əlimizdən alıb, ermənilərə bəxş etmək istəyirdi...
Görünür, indi Ukraynaya qarşı müharibəyə görə vətənini tərk edən Alla Puqaçovanın bundan xəbəri yoxdur. Çünki o zaman Azərbaycanın başına gətirilənlər rusların vecinə belə deyildi...
Amma Azərbaycan xalqı heç bir zaman erməni lobbisinə satılmış Qorbaçov cütlüyünün başımıza açdığı fəlakətləri unutmayacaq! Bizim nəzərimizdə, bu cütlük insan deyil...
Xatirə SADİQ