Anna Akopyan yenidən "həyat yoldaşı” oldu - Paşinyandan qəribə SƏRƏNCAM
Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda ayrıldığı keçmiş həyat yoldaşı Anna Akopyanın ABŞ-yə səfəri ilə bağlı qərar imzalayıb.
SAVASHMEDİA.az erməni mediasına istinadla xəbər verir ki, iyunun 11-də imzalanan qərara əsasən, Anna Akopyan 26 iyun - 4 iyul tarixlərində ABŞ-də keçiriləcək Qlobal Birinci Xanımlar Akademiyasının (Global First Ladies Academy) dördüncü illik tədbirində iştirak edəcək.
Sənəddə Akopyanın səfərə məhz Baş nazirin həyat yoldaşı qismində göndərildiyi qeyd olunub. Səfər çərçivəsində tədbirlərin Nyu York şəhərində keçirilməsi nəzərdə tutulur. Ezamiyyət xərclərinin, o cümlədən yaşayış və tranzit dayanacağı ilə bağlı ödənişlərin dövlət büdcəsi hesabına qarşılanacağı bildirilib. Ayrılacaq vəsaitin məbləği isə açıqlanmayıb.
Qərar Ermənistan ictimaiyyətində maraqla qarşılanıb. Çünki bu ilin fevralında Anna Akopyan sosial şəbəkə hesabında Nikol Paşinyanla uzun illər davam edən vətəndaş nikahının başa çatdığını açıqlamışdı. Daha sonra Paşinyan da həmin qərara hörmətlə yanaşdığını bildirmişdi.
Lakin son aylarda erməni mediasında cütlüyün yenidən münasibətlərini bərpa etməsi barədə xəbərlər yayılmağa başladı. Apreldə Paşinyan jurnalistlərin sualını cavablandırarkən ailəsinin yenidən bir araya gəlməsi üçün səy göstərdiyini açıqlamışdı.
Anna Akopyanın beynəlxalq tədbirə rəsmi olaraq “baş nazirin həyat yoldaşı” statusunda göndərilməsi də tərəflər arasında münasibətlərin normallaşdığını göstərən növbəti siqnal sayıla bilər.
Ermənistan hökuməti məsələ ilə bağlı ətraflı məlumat yaymayıb.
Oğuz