“Atam da, mən də ilk rəsmi səfərimizi Fransaya etmişik” - İlham Əliyev

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Dec 18, 2024 - 16:22
“Atam da, mən də ilk rəsmi səfərimizi Fransaya etmişik” - İlham Əliyev

“Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi.

2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.

Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”, - dövlət başçısı vurğulayıb.