"Beynimi xarab eləməsin, gedib otağında..." - Özgür Özəl sərt danışdı
CHP sədri Özgür Özəl İstanbul Baş Prokurorluğunun Əkrəm İmamoğlu ilə bağlı təlimatına sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, həbsxanada İmamoğlunu ziyarət edən Özəl daha sonra jurnalistlərin suallarını cavablayıb.
Özəl İstanbul baş prokurorunun verdiyi təlimatı qanunsuz adlandırıb:
“Həyatımda gördüyüm ən qanunsuz qərardır.Əkrəm İmamoğlu kimdir? İstanbulun bələdiyyə sədri. Onu kim seçib? İstanbullular. Haqqındakı ittiham təsdiqini tapıbmı? Xeyr. Hüququn ən əsas prinsipi günahı sübuta yetirilənə qədər günahsız olmaqdır. Həm seçilmişdir, həm də günahsız. Hazırda maaşının yarısından çoxunu alır, qanun budur. Vəzifədən kənarlaşdırsan da, vəzifəsi bələdiyyə sədridir. Şəkillərini asmağa necə qadağa qoya bilərsən? Hansı günahı işləyib,hansı cinayəti törədib? Hanı ittiham aktınız? İttiham aktı yoxdur ortada! İmamoğlu ilə bağlı pankart asmaq, metroda səsini eşitmək günahı və günahkarı öymək demək imiş! Mən asacağam pankartı, şəkli. Akın Gürlek (İstanbul baş prokuroru-red) gəlib endirsin. Beynimi xarab eləməsin, gedib otağının qapısından asaram o pankartı. Həyasızlığın da bir həddi var”.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinə təlimat göndərib. Təlimata əsasən, Ə.İmamoğlunun səsi, videosu, şəkilləri istifadə olunmaqla hazırlanan bütün məzmunların İBB-yə tabe olan metro, avtobus, metrobus, bərə və stansiyalarda istifadəsinə qadağa qoyulub.
Vəsilə İbrahim