Avqustun 15-dən metroda hər şey dəyişir - Sərnişinlər üçün SADƏ İZAH

Avqustun 15-dən Bakı metrosunda minlərlə sərnişinin gündəlik marşrutu dəyişəcək. Həmin tarixdən etibarən yaşıl və qırmızı xətlərin ayrılması layihəsinə başlanılacaq və bu proses təxminən 10-11 ay davam edəcək.

Aug 4, 2026 - 14:58
Avqustun 15-dən metroda hər şey dəyişir - Sərnişinlər üçün SADƏ İZAH

SAVASHMEDİA.az xəbər verir ki, yeni hərəkət sxeminə əsasən, "28 May" ilə "Nizami" stansiyaları arasında metro qatarları işləməyəcək.

Bu o deməkdir ki, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Neftçilər və digər qırmızı xətt stansiyalarından gələn sərnişinlər qatarla yalnız "28 May" stansiyasına qədər gedə biləcəklər. Əgər onların yolu Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar, Memar Əcəmi, Avtovağzal və ya Dərnəgül istiqamətinədirdirsə, "28 May" stansiyasında düşərək xüsusi ekspres avtobusa minməli olacaqlar.

Ekspres avtobus sərnişinləri "Nizami" stansiyasına aparacaq. Buradan isə yenidən metroya daxil olaraq yaşıl xətt üzrə istədikləri stansiyaya gedə biləcəklər.

Əks istiqamətdə də eyni qayda tətbiq olunacaq. Dərnəgül tərəfdən gələn sərnişinlər "Nizami" stansiyasında düşəcək, ekspres avtobusla "28 May" stansiyasına keçəcək, sonra isə qırmızı xətt üzrə səfərlərini davam etdirəcəklər.

Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, "28 May" - "Nizami" arasında işləyəcək ekspres avtobuslar ödənişli olacaq. Gedişhaqqının məbləği isə hələ müəyyənləşdirilməyib.

Bundan başqa, noyabr ayından etibarən "İçərişəhər" – "Həzi Aslanov" istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə, "Dərnəgül" – "Nizami" istiqamətində isə 3 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək.

Beləliklə, avqustun 15-dən etibarən "28 May" və "Nizami" arasında metro ilə birbaşa hərəkət mümkün olmayacaq. Sərnişinlər bu hissəni ekspres avtobusla qət etdikdən sonra yenidən metroya minərək yollarına davam edəcəklər.

Aytən