Avtomobil sığortası dəyişdi - Kimlər 30% çox ödəyəcək?

İyunun 16-dan etibarən Azərbaycanda icbari avtomobil sığortasının hesablanması ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Jun 17, 2026 - 12:32
Avtomobil sığortası dəyişdi - Kimlər 30% çox ödəyəcək?

SAVASHMEDİA.az xəbər verir ki, əvvəl istifadə olunan Bonus-Malus sistemi ləğv edilərək sığorta tarixçəsi əmsalı ilə əvəz olunub.

Bundan sonra sığorta haqqının məbləği əsasən sürücünün və ya nəqliyyat vasitəsi sahibinin əvvəlki sığorta və qəza tarixçəsinə görə müəyyən ediləcək.

Qəzasız sürən və uzun müddət sığortalı olan şəxslər üçün sığorta haqqına 5 faiz endirim tətbiq ediləcək. Sürücünün təqsiri ilə baş vermiş və sığorta ödənişi aparılmış hər qəza isə əmsalın 30 faiz artmasına səbəb olacaq.

Yeni sistemdə ilk dəfə icbari sığorta müqaviləsi bağlayan və mənfi sığorta tarixçəsi olmayan şəxslər üçün başlanğıc əmsal 1 olaraq müəyyənləşdirilib. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində ola bilər.

Dəyişikliklərin əsas məqsədi sürücülərin risk səviyyəsini daha dəqiq qiymətləndirmək və qəzasız sürücüləri daha çox təşviq etməkdir. Bu səbəbdən yeni qaydalar sığorta haqqının fərdi qaydada hesablanmasını nəzərdə tutur.

Aytən