Düşünmək istəyən...
İnsan taleyi bir sıra amillə şərtləndirilir. Çox şey, bəzən həlledici rol oynayan məsələlər hansı zəmanədə, ölkədə dünyaya gəldiyindən, hansı millətə mənsub olduğundan, ailənin statusundan asılıdır.
Qaş-göz, boy-buxun, saçın və dərinin rəngi valideynlərdən mirasdır. Elə onlar da genetikamızın halını, keyfiyyətini müəyyənləşdirir. Potensial və faktiki xəstəliklərimizin bir qismi məhz valideynlərimizin bizə “hədiyyə”sidir.
Alkoqolik övladını dünyaya gətirməmiş şikəst edə bilər. İstedad otdursa, ata-ana onun üstündə bitdiyi kökdür. Bəxtin gətiribsə, valideyn sənin mükəmməl təhsil almağına yardım göstərir, karyerana təkan verir. Üstəlik iradə, xarakter. Hansı mərhələdə büdrəsən, yıxılsan – sızlama, ağlama, özün qalx. Vaxt gələr, səninlə fəxr edərlər, “İgiddir!” deyərlər.
Zəmanə, genetik irs, öz qabiliyyətin... Bunların haqqında bu və ya başqa dərəcədə hamı düşünür, bilir. Anlayır. Lakin fikirləşmisənmi məhz cəmiyyət, əksər halda valideyn səni müsəlman, xristian, bütpərəst edir, dini mənsubiyyətini, simanı formalaşdırır.
Ateizmin döyüşkən sovet dövründə azyaşlı uşağın, məktəblinin kilsəyə, məscidə aparılması, gəlməsi qəti qadağan idi. Qurban bayramında, ramazan ayında və məhərrəmlikdə milis işçiləri, ictimaiyyətin fəal nümayəndələri Şüvəlan qəbiristanlığındakı ziyarətgaha, məşhur Əli Ayağına aparan yollarda, Azərbaycandakı sayı bilinməyən pirlərin, ocaqların qarşısında günlərlə növbəli keşik çəkir, uşaqları geri qaytarır, ətrafdakı şəxsi, xidməti avtomobillərin dövlət nişanını, sürücünün adını “it dəftəri”nə salırdılar. Uşaqlar isə abituriyent olmamış, valideynin təkidi və iştirakı ilə müsəlmana, xaçpərəstə çevrilirdilər. Və ömrünün axırınadək həmin dinin, ümumiyyətlə dinlərin və dindarlığın meydana necə gəldiyini anlamırdılar.
İlk insanlar – istər neandertallar, istərsə də kromanyonlar – bu gün bizə adi gələn, heç düşündürməyən hadisə və məqamların təbiətini, səbəbini anlamırdılar: hava nədən işıqlandı, niyə qaranlıq çökdü, ağac nə üçün bir anda alovlandı... Zavallı neandertal neyləsin, əgər bizə daha yaxın və sivil dövrdə – Qədim Romada şimşək çaxmasını, səmada qılınc zərbəsini xatırladan ildırımı göylərin, oradakı tanrıların xəbərdarlığı, qəzəbi, cəzası hesab edirdilər. Cəmi yüz il bundan əvvəl, hətta sovet dövründə doğuş qadının “o dünya”ya gedib qayıtmağına bərabər tutulurdu. Təkcə Afrika, Qvineya qəbilələrində yox, Avropada, Azərbaycanda kor bağırsaq irinləyir, partlayır, xəstəni daxildən zəhərləyib öldürürdü, camaat isə “Tanrı onu yanına apardı” deyir, hələ əlavə edirdi: “allah yaxşı adamları sevib aparır”. Yaxud “allah cəzasını verdi” – belə variant da var idi.
Demək, ən qədim zamanlarda insan nadanlığı və qorxu hissi bütün dünyada dini təsəvvürlərin və dini şüurun bünövrəsini qoydu. Səmanın gecə qaralması bu gün heç kəsi qorxutmur, səhər işıqlanması isə təəccübləndirmir. Artıq Yerin forması, Günəşin ulduz olduğu, qalaktikalar, pulsarlar, qara dəliklər, kainatın varlığı, nəhayət böyük partlayış məlumdur. Lakin hamıya yox. Kim bilmir, anlamır və ya qanmaq istəmirsə, hələ də deyir: “Hər şey allahın əlindədir”. Və deyəcək.
Çoxdandır ki, müxtəlif xalqlar yəhudiləri ən ağıllı millət sayırlar. Yəhudilər isə öz aralarında fizik Albert Eynşteyni ən müdrik hesab edirlər. Bir neçə il bundan qabaq Eynşteynin o vaxtadək gizli saxlanılmış məktubu üzərindən məxfilik qrifi götürüldü. Məlum oldu ki, böyük alim vaxt taparaq müqəddəs sayılan dini kitabları oxumuş və belə nəticəyə gəlmişdi: “Hamısı nağıldır”. Yəni, elmi, mənəvi əsası olmayan uydurmadır. Amma heç də ziyansız deyil. Folklorda, məsələn, məişət, məhəbbət, qəhrəmanlıq nağılları var. Onlar düşündürür, əyləndirir, həvəsləndirir. Dini nağıllar isə insanları sürü halına gətirib kiminsə qabağına salır. Xristianlıqda bu məsələ açıq şəkildə etiraf olunur, tanrı “çoban” adlandırılır.
Azərbaycanda geniş tanınan, bu səbəbdən adını çəkmədiyim qocaman şəxslə söhbət edərkən, onun dinə münasibətini soruşdum. Dedi: “Dindar deyiləm. Amma nəsə elə bir qüvvə var ki, bütün bu dünyanı, ulduzları, kainatı yaradıb”. “Nəsə”, “necəsə”, “kimsə”... Bunlar məsələnin mahiyyətindən, ciddiliyindən qaçış, məchulluq arxasında gizlənmək üçün bəhanədir.
XIX əsrdə yəhudi əsilli başqa bir müdrik insan demişdi: “Din xalq üçün tiryəkdir”. Bəli, din insanların beynini dumanlandırır, həqiqət yolundan azdırır.
Əlbəttə, bütün bu düşüncələrdən uzaqda durub dostlarla domino, nərd oynaya, mərc gələ, tez-tez spirtli içki içə və özünü müsəlman adlandırmaqda davam edə bilərsən. Texnoloji tiryək funksiyasını həm Azərbaycan, həm Rusiya, həm Türkiyənin televiziya verilişləri də daşıyır. Amma, bununla bərabər, düşünmək istəyənlər, nadan və qorxaq olmayanlar üçün də yol açıqdır.
* Bəzi köhnə mənbələrə görə dünya əhalisinin 17 faizi ateistdir. Bu günlərdə yeni statistika açıqlandı: Avstraliya əhalisinin 60 faizi hər hansı dini rədd edir. “Maşallah”!
A.ƏZİZ