"Əhd eləmişəm, İrəvana gedəcəm, orada ləyaqətli dostlarım var" - Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ
Politoloq Zərdüşt Əlizadə sherg.az-ın suallarını cavablandırıb.
SAVASHMEDİA.az həmin müsahibəni təqdim edir:
- Zərdüşt bəy, Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyev və Nikol Paşinyan tərəfindən verilən açıqlamalarla bağlı nə düşünürsünüz?
- Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, Mehri yolu açılmayınca, Ermənistanla Azərbaycan arasında heç bir dəmiryolu xətti və ya şose yolu fəaliyyətə başlamayacaq. Əgər Bakı-İrəvan əlaqələri normallaşarsa, ikinci bir dəmir yolunun istifadəyə verilməsi də mümkündür. Beləliklə, regionun nəqliyyat infrastrukturu genişlənəcək və yeni yolların açılması iqtisadi inkişaf üçün əlverişli şərait yaradacaq. Hazırda Ermənistanı xarici dünyaya bağlayan yeganə dəmir yolu İrəvan-Tiflis xəttidir. Digər bir marşrut isə Rusiyaya doğru uzanır. Bu baxımdan, Mehri dəmir yolunun açılması Ermənistan üçün də böyük əhəmiyyət daşıyır. Nəqliyyat layihələri tam şəkildə həyata keçirilərsə, bölgədə iqtisadi əlaqələr genişlənəcək və təhlükəsizlik məsələlərində hər hansı problem yaşanmayacaq. Mehri yolunun istifadəsi məsələsi Bakı-İrəvan tərəfindən beynəlxalq təcrübələrə uyğun şəkildə müzakirə olunub. Burada əsas mübahisə, Azərbaycan tərəfinin qatarların ciddi yoxlanılmasına qarşı olması, erməni tərəfinin isə bunu öz suveren hüququ kimi görməsi ilə bağlıdır. Əgər Avropa Birliyinin standartlarını əsas götürsək, onların tələblərinin məntiqsiz olduğunu görərik. Çünki Mehri dəmir yolu cəmi 44 kilometr məsafədədir və həmin məsafə Bakı-Şamaxı yolunun yarısından da azdır. Buna görə qatarların tez-tez dayandırılması, sərnişinlərin detallı yoxlanılması yersizdir.
- Rəsmi Bakı Ermənistanın "Naxçıvana dəmir yolu" layihəsi ilə razılaşacaq?
- Əlbəttə. Qarşılıqlı maraqlar nəzərə alınaraq, məsələnin ortaq məxrəcə gəlməsi mümkündür. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qəti şəkildə etiraz mövqeyi sərgiləmir. Rəsmi Bakı qeyd edir ki, Ermənistan uzun illərdir beynəlxalq arenalarda nəqliyyat blokadasında olduğunu bildirir. İndi isə bizim təşəbbüsümüzlə bu blokadadan çıxmaq üçün yol çəkilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan təsdiqləyib ki, Azərbaycandan Naxçıvana dəmir yolu çəkiləcək. Sovet dövründə də belə kommunikasiya xətti olub.
Yenidən bütün Cənubi Qafqazda dəmiryolu xəttinin bərpasının nəyi pisdir ki? Sadəcə olaraq dörd ildir Ermənistan məsələni "acı bağırsaq" kimi uzadır.
- Bəzi erməni politoloqlar Zəngəzur dəhlizi məsələsini milli təhlükəsizlik məsələsi hesab edirlər. Sizcə onlar bu məsələdə haqlıdırlar?
- Təbii ki, xeyr. Dəmiryolunun milli təhlükəsizlik məsələsi ilə nə əlaqəsi var? Rusiyanın Kalininqrad vilayətinə Belarus və Litva ərazisindən keçərək qatar gedir. Burda nə problem var ki?
- Bəzi analitiklərimiz Paşinyanın “Sülhün kəsişməsi” layihəsinin Bakının maraqlarına cavab vermədiyini, Qərbdə hazırlandığını vurğulayıb. O ekspertlərin fikirləri haqqında nələr demək istəyərdiniz?
- Boş söhbətdir. Həmişəki ənənəvi yoldur da. Hələ bəzi ekspertlər səfehcəsinə deyirlərki, müharibə olacaq, Zəngəzur geri alınacaq. Azərbaycan xalqının nəyinə lazımdır yenidən müharibə?
Yoldur, çəkiləcək, Naxçıvanla Azərbaycan arasında kommunikasiya xətti də yaradılacaq. İnşallah bu baş versə, əhd eləmişəm İrəvana gedəcəm. Mən sovet vaxtı 2 dəfə Ermənistanda olmuşam. Orada bir neçə ləyaqətli erməni dostum var. Onlar son 30 ildir ki, Azərbaycanla Ermənistan arasında sülh naminə çalışırlar. Lakin erməni cəmiyyəti onları qəbul etmədi, təhqir etdi, döydü və xain adlandırdı. Buna baxmayaraq, həmin şəxslər israrla bildirirdilər ki, Azərbaycanla Ermənistan müttəfiq olmalıdır. Çünki biz xəritədə qonşuyuq və dostluğa, əməkdaşlığa məhkumuq. Təəssüf ki, xəstə erməni millətçiləri onlara çox əzab verdi.
- Zəngəzur dəhlizi məsələsi həllə qovuşarsa, bunun sülh proseslərinə təsiri necə olacaq?
- Hesab edirəm ki, yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələcək. Hazırda bəzi daxili səbəblərdən Paşinyan müəyyən qədər "naz edir". Lakin Ermənistanda parlament seçkiləri yaxınlaşır və Paşinyan seçkilərdə uğur qazanmaq üçün seçicilərə müəyyən vədlər verməlidir. Paşinyan hakimiyyəti dövründə Qarabağın itirilməsi ilə bağlı kəskin ittihamlarla üzləşib. Buna görə də o, seçicilərinə müsbət mesajlar verməyə çalışır.
İndi düşünək, bu mesajlar nə ola bilər? Münaqişənin başa çatdığını, ölkədə əmin-amanlığın hökm sürdüyünü, Ermənistanın qonşuları ilə yaxşı münasibətlər qurduğunu və müharibə təhlükəsinin olmadığını qeyd edərək seçiciləri inandırmağa çalışacaq. Bu, onun uğur qazanması üçün yeganə şansdır. Əgər Mehri yolu açılsa, Ermənistanın qonşuları ilə sərhədləri də açılacaq, münasibətlər normallaşacaq. Bununla Paşinyan Ermənistan xalqına "mən sizə sülh gətirdim" mesajını çatdıracaq. Bu, həm də onun üçün böyük siyasi qələbə olacaq.