"Gecəki qonağın gecmi getdi? Bu gecə mən də gələcəm" - Məhkəmə ifadələri

Qax rayonunda 1996-cı il təvəllüdlü Şahmar həmkəndlisi Xuramana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Apr 30, 2025 - 14:36
"Gecəki qonağın gecmi getdi? Bu gecə mən də gələcəm" - Məhkəmə ifadələri

Hadisə 6 may 2024-cü ildə Qax rayonunun kəndlərindən birində baş verib.

Rayon sakini Şahmar gecə saat 3 radələrində sərxoş vəziyyətdə həmkəndlisi Xuramanın fərdi yaşayış evinə pəncərədən daxil olub. Gətirdiyi cib bıçağı ilə qadını öldürəcəyi ilə hədələyib.

Xuramanın qışqırmağa və qaçmağa çalışarkən əli ilə onun ağzını tutub. Müqavimət göstərən ev yiyəsi yıxılıb, başı qonaq otağında su radiatoruna dəyərək xəsarət alıb.

Şahmar Xuramanın müqavimətinin zəifləməsindən istifadə edib, onu sürüyərək yataq otağına aparıb. Cib bıçağı ilə onu yenidən öldürməklə hədələyib, qollarından tutaraq zor tətbiq edib, cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Şahmarın barəsində Cinayət Məcəlləsinin 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

“Anladım ki, burada fərqli söhbət var”

Təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, mayın 4-də saat təxminən 12 radələrində siqaret almaq üçün dostu Əmirgilə gəlib: “Əmir evdə olmadığı üçün geri qayıtdım. Onların evi ilə Xuramanın evi üzbəüzdür, arada 60-70 metr məsafə var.

Geri qayıdanda Xuramangildən bir nəfərin çıxdığını gördüm. Elə bildim, Xuramanın həyat yoldaşı Asifdir. “Salam aleykum, Asif dayı” dedim, həmin adam cavab vermədi. Onun özünü itirdiyini gördüm. Yoluma davam etdim. Aşağı tərəfdə maşın dayandığını görəndə anladım ki, burada nəsə fərqli söhbət var”.

“Axşamkı qonağın gecmi getdi?”

Şahmarın sözlərinə görə, ona Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə ittiham verilməsinə əsas odur ki, darvazanın yanında 30-40 dəqiqə gözləyib:

“Həmin vaxt Xuramangilin işıqları söndü. 40 dəqiqə gözlədikdən sonra həyətə daxil oldum. Qabaq-qabağa olan ayaqqabılardan birinin yerini dəyişdim, birini darvaza tərəfə qoydum. Bununla olanları gördüyümü bildirmək istədim.

3-4 gün əvvəl Xuramangilin qonşusu Ceyhungilin bağında Aminlə iş gördüm və ondan 20 manat alacağım oldu. Səhəri gün həm pulu almaq üçün, həm də Xuramana tanışının onun evindən çıxan yerdə gördüyümü bildirmək üçün Ceyhun dayıgilə gəldim.

Onlara gələndə Xuraman evlərinin damından baxıb, qapı zənginin işləmədiyini, qapını açıb içəri keçməyimi təklif etdi. Xuramandan “axşamkı qonağın gecmi getdi?” deyə soruşdum. O qızardı və “nə qonağı” deyə cavab verdi. Axşam onun qonağı olduğunu bildiyimi dedim.

Xuraman qardaşının onlara gəldiyini deyəndə “qardaşın gecə saat birin yarısı sizdə nə gəzir?” deyə sual verdim. Xuraman dedi, sənin fikrin nədir, məni şantaj edirsən? Onu şantaj etmədiyimi, qonağının gec gedib-getmədiyini soruşduğumu bildirdim.

Xuraman ondan nə istədiyimi soruşdu. Evinə gələn nə istəyirsə, mən də onu istəyirəm dedim. Mənim səhvim buradadır. Kaş onlara getməzdim. Xuraman azyaşlı deyil ki, ona şər atım. 50 yaşı var. Əslində o, mənə şər atıb. Düşünürəm ki, nəfsimin qurbanıyam”.

“Sənin başına oyun açdıracam”

Şahmar qeyd edib ki, Xuramana gecə saat 1-dən, 2-dən sonra gələcəyini bildirib: “İstədim ki, onlara gəldiyimi görən olmasın. Kafelər də təxminən gecə 1-ə, 2-yə kimi işləyir.

Mayın 5-də gecə saat 12-yə işləmiş nənəmin ad günündən çıxaraq evə getdim. Məclisdə yarım litr araq içmişdim. Mən bir litr araq içsəm də, özümü idarə edirəm. Lakin ittihamda göstərilir ki, guya yarım litr içdiyim üçün sərxoş olmuşam.

Mən evə dəyib sonra Xuramangilə gəldim. Xuramangildə hər şey normal keçdi, saat 6-ya işləmiş onlardan evimə qayıtdım.

Səhər saat 11 radələrində Xuramanın qızı zəng etdi, dedi, sən kimsən, sənə kim ixtiyar verib bizim həyəti güdürsən, polisə şikayət etməyəcəm, amma atam gələn kimi sənin başına oyun açdıracam. Ona “nə istəyirsə, edə bilərsən” dedim”.

“Baldızı qızını sevirdim”

Şahmarın ifadəsinə görə, daha sonra dayısı Əfsəni yolda görüb və ona Xuramanla olan məsələni deyib: “Əvvəlcə zorlanma barədə heç nə deyilmirdi. Zorlama haqqında polisə şikayət olunanda məlumat verildi. Mən heç kimi zorlamadığımı bildirmişəm. Sonra elə vəziyyətdə qaldım ki, heç nə edə bilmədim. Məcbur qalaraq şikayətdə nə yazılıbsa, razılaşdım.

Mən əgər içəriyə dar pəncərədən girmişdimsə, nə üçün sınmış pəncərədə əl izlərim tapılmayıb? Halbuki evin içində əl izlərim aşkarlanıb? Zorlanan qadın polisə nə üçün səhəri gün 16:00-da müraciət edib? Səhər saat 6-da və ya 7-8-də, yaxud da 9-da müraciət edə bilərdi. Əvəzində dayıma və anama məlumat verilir...

Bundan əlavə, mənim Xuraman ilə cinsi əlaqədə olmağımı telefona çəkdiyim bildirilib. Mən də telefonumu təqdim etdim. Lakin hər hansı məlumat aşkarlanmadı. Əməlimdən peşman deyiləm. Mən Xuramanı zorlamamışam. Xuraman mənim tay-tuşum deyil ki, ona tamahım olsun. Onun baldızı qızı Gülnarı 1 il əvvəl sevmişəm.

Həmin vaxtlar namaz qılmağa da başlamışdım. Xuraman onların ailəsinə mənim namaz qılmayacağımı və içki içənin biri olduğumu bildirmişdi. Güya mən buna görə qisas məqsədilə Xuramanın yanına gələrək, ya öldürəcəyimi, ya da onu zorlayacağımı bildirmişəm”.

“Tək yaşamışam”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xuramanın sözlərinə görə, Qax rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır:

“Şahmar mənim həmkəndlimdir, münasibətimiz normaldı, heç bir ədavətlərimiz və düşmənçiliyimiz olmayıb. Şahmar baldızım Adilənin qızı Gülnarı sevərək almaq istəsə də, Gülnar onun hərəkətlərinə görə ayrıldı və başqasıyla ailə qurdu. Gülnarla ayrılığa görə Şahmar məni günahlandırdı.

Oğlum hərbi təlimlər üçün 7 günlük evdən getdi, həyat yoldaşım Asif dövlətə məxsus şirkətdə işlədiyi üçün Türkiyədə ezamiyyətdə idi. Təxminən 7 gün evdə tək yaşamışam. Qayınanamın evi bizim evimizin qonşuluğundadır”.

“Yalvarmağa başladım”

Xuraman qeyd edib ki, mayın 6-da gecə saat 1:30-da yatmamışdan qabaq “Sedofaq” dərmanı qəbul edib: “Oğlum hərbi təlimlərə getdiyi üçün yuxum pozulmuşdu, ona görə dərman atdım. Dərmanı içib birtəhər yatdım. Saat 3 radələrində kimsə məni silkələyərək yuxudan ayıltdı. Mən oğlumun gəldiyini düşündüm. Baxanda gördüm ki, həmkəndlim Vəlinin oğlu Şahmardır.

Şahmar “dur ayağa, əzrayılın gəlib” dedi. “Ay bala, burada nə edirsən” deyə soruşdum. Əlində qatlanan cib bıçaq vardı. Bıçağı boğazıma dirəyərək məni öldürməyə gəldiyini, həyatını qaraltdığımı, buna görə mənim də həyatımı korlayacağını dedi.

Məni möhkəm qorxu sardı. Şahmara yalvarmağa başladım. “Məni də, özünü də bədbəxt etmə” dedim”.

“Məni öldürəcəyini dedi”

Zərərçəkmişin ifadəsinə görə, Şahmar onu yataq otağında ilk öncə çarpayıya vurub: “Kənara yıxıldım, ayağa durub qaçmağa başladım. Şahmar məni tutub qonaq otağında yerə çırpdı. Başım su radiatoruna dəyərək yarıldı və qanadı. “Qoy qanımı kəsim” desəm də, imkan vermədi. Bir təhər ayağa qalxıb qonaq otağındakı kresloda oturdum.

Şahmar kreslonun sol qoltuğunda oturdu, sağ ayağını ayağımın üzərimə qoyaraq qaçmağıma imkan verməməyə çalışdı. Bıçağı kənara qoyaraq boynumdan tutdu, boynumu sındıracağını və məni öldürəcəyini dedi. Bir daha ona yalvarmağa başladım.

Kənara duraraq mənə aid olmayan mənasız və əlaqəsiz söhbətlər etməyə, “onu belə etdim, bunu belə etdim” deməyə başladı. Şəxsiyyətimi alçaldan əxlaqsız söhbətlər etdi, söyüşlər söydü. Məcbur qalaraq onun etdiyi söhbətlərə qulaq asdım ki, zaman keçsin, səhər açılsın və qışqıraraq köməyə adam çağırım”.

“Ya öldürəcəyini, ya da zorlayacağını dedi”

Xuraman qeyd edib ki, Şahmar bir qədər söhbət etdikdən sonra onu ya öldürəcəyini, ya da zorlayacağını deyib: “Nə qədər başa salmağa çalışdım ki, Gülnar səni istəmədi, özü aralandı, bunda mənim heç bir günahım olmayıb. Amma əhəmiyyət vermədi. Məni sürüyərək yataq otağına gətirdi, çarpayıya uzatdı. Cinsi əlaqədə olmasa, məni öldürəcəyini bildirdi.

Bıçağı çıxararaq mənimlə cinsi əlaqədə olacağını, səsimi çıxarsam, məni öldürəcəyini dedi. Telefonunun video çəkən hissəsini işə saldı. Ondan nə etdiyini soruşanda səsimi yazdığını və cinsi əlaqədə olan vaxtı səsimi qeydə alaraq özündə saxlayacağını, polisə şikayət edəcəyim təqdirdə məni internetdə rüsvay və biabır edəcəyini söylədi.

Bu sözlərindən sonra əynini soyundu, məni də soyunduraraq bir dəfə cinsi əlaqədə oldu”.

“Qorxmağıma səbəb məni öldürə biləcəyi olub”

Xuramanın sözlərinə görə, daha sonra Şahmar ayağa durub, ondan heyifini aldığını, işinin qurtardığını deyib: “Ona bu hərəkətinin cəzasını alacağını bildirdim. O da evin giriş qapısından çıxaraq getdi. Mətbəx tərəfə baxanda gördüm ki, Şahmar evə mətbəxin pəncərəsini sındıraraq daxil olub.

Şahmar getdikdən təxminən bir neçə saat sonra özümə gəlməyə başladım. Saat 8 radələrinədək yaşadığım evin giriş hissəsində olan pilləkəndə oturaraq özüm-özümə fikirləşdim. Qaynanamın yanına gedərək hər şeyi ona danışdım. Qaynanam polisə xəbər etməyi desə də, mən qorxdum. Şahmarın gələrək məni öldürə biləcəyindən ehtiyatlandım. Düşündüm ki, oğlum və ərim də nəsə edərlər.

Çox fikirləşdikdən sonra Qax rayonunun kəndində yaşayan qızımı evə çağırdım. Ona da hər şeyi danışdım. Qızım da polisə zəng etdi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahmar 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllər təqsirləndirilən şəxs tərəfindən törədilməyib, onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilməyib. Müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət Şəki Apellyasiya Məhkəməsində araşdırılıb. Hakimlər kollegiyası şikayəti araşdırandan sonra sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunmayıb. (teleqraf)